Düsseldorfda Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib
1 may, 2026
Almaniyanın Düsseldorf şəhərində fəaliyyət göstərən “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbinin şagirdlərinin iştirakı ilə musiqili tədbir keçirilib.
Tədbir cəmiyyətin rəhbəri, pianoçu Səbinə Məmmədovanın təşkilatçılığı ilə baş tutub. O, çıxışında müxtəlif xalqların nümayəndələrinin milli musiqimizlə daha yaxından tanış olması və mədəniyyətlərarası dialoqun inkişafı baxımından bu cür tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bildirib ki, məktəbin başlıca məqsədlərindən biri muğam və bəstəkarlıq ənənələrini gənc nəslə aşılamaq, eləcə də fərqli millətlərdən olan şagirdlər arasında Azərbaycan mədəniyyətinə marağı daha da artırmaqdır.
Musiqili proqram Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri ilə yadda qalıb. Qara Qarayevin “Lirik vals”ı, Fikrət Əmirovun “Skerso”su, Faiq Sücəddinovun “Vətən haqqında ballada”sı, Musa Mirzəyevin “Balaca çoban” əsəri, Cövdət Hacıyevin “Qəmli nəğmə”si və Gülnarə Səfərovanın “Caz fantaziyası” səsləndirilib. Qonaqlar pianoda ifa olunan bu əsərləri xüsusi maraqla qarşılayıb.
Məlumat üçün bildirək ki, “Muğam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin nəzdindəki musiqi məktəbində ümumilikdə 30 şagird təhsil alır. Burada dərslərə azərbaycanlılarla yanaşı, alman, türk, Afrika mənşəli, alban, ukraynalı, hindistanlı, çinli və braziliyalı şagirdlər də qatılır.
Foto qalereya
Digər xəbərlər
