“Dünya uşaqların gözü ilə”
12 iyun, 2026
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evi “Dünya uşaqların gözü ilə” adlı beynəlxalq uşaq incəsənət sərgisi və mədəniyyət festivalında iştirak edib.
Festivalın əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək, mədəniyyətlərarası əməkdaşlığı gücləndirmək, tolerantlıq və qarşılıqlı hörmət kimi dəyərləri yaşatmaq, eyni zamanda xalqlar arasında dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə vermək olub.
Sərgidə müxtəlif ölkələrdən olan uşaqların hazırladığı 250-yə yaxın rəsm və əl işi nümayiş etdirilib. Eyni zamanda, Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin gənc üzvlərinin ölkəmizin zəngin tarixi-mədəni irsini, milli dəyərlərini və adət-ənənələrini əks etdirən rəsm və əl işləri sərginin diqqət çəkən guşələrindən biri olub. Soydaşlarımızın hazırladığı əsərlər gənc nəslin milli kimliyə bağlılığının nümayişi baxımından xüsusi əhəmiyyət daşıyıb.
“Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri bildirib ki, uşaqların yaradıcılıq potensialının və mədəni inkişafının dəstəklənməsi hər bir cəmiyyətin vacib vəzifələrindən biridir. Bu cür tədbirlər uşaqlara öz bacarıqlarını nümayiş etdirmək, müxtəlif xalqların mədəni irsi ilə yaxından tanış olmaq və yeni dostluq əlaqələri qurmaq üçün geniş imkanlar yaradır.
Festival Özbəkistanın Almaniyadakı səfirliyinin təşəbbüsü, “Sanat” İncəsənət, Mədəniyyət və Elm Forumunun dəstəyi ilə keçirilib.
Foto qalereya
Digər xəbərlər
