Dünya şöhrətli alim Bəxtiyar Siracova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

26 aprel, 2024

Dünya şöhrətli alim Bəxtiyar Siracova “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyada yaşayan elm adamı, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) keçmiş əməkdaşı, 2005-ci ildə AEBA-da çalışan bütün əməkdaşlarla bərabər Nobel Sülh Mükafatı alan dünya şöhrətli azərbaycanlı alim Bəxtiyar Siracovla görüşüb.

Qonağı salamlayan sədr hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib. Xaricdə yaşayan azərbaycanlı alimlərin Komitə tərəfindən daim diqqət mərkəzində saxlanılmasının da bunun məntiqi davamı olduğunu qeyd edib. Komitənin dəstəyi ilə Türkiyənin İstanbul şəhərində Dünya Azərbaycanlı Alimlərin Forumuna hazırlıq görüşünün (Dünya Azərbaycanlı Elm Xadimlərinin Görüşü) keçirilməsini, Türkiyədə yaşayan Azərbaycanlı Elm Adamlarının Dərnəyinin yaradılmasının təşviq olunmasını  xaricdə yaşayan alimlərimizin həm ölkəmiz, həm də bir-birləri ilə sıx əlaqələrinin qurulması, bilik və təcrübə mübadiləsi aparılması, onların diaspor fəaliyyətinə öz töhfələrini verməsi kimi vacib məqsədlər daşıdığını söyləyib.

Bəxtiyar Siracov fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edib. O, bildirib ki, xaricdə yaşayan soydaşlarımız Azərbaycanın ərazi bütövlüyünü təmin edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirlər. Soydaşımız bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və  hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının arıtırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Görüşün sonunda Bəxtiyar Siracova diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.

Qeyd edək ki, Bəxtiyar Siracov fəal diaspor üzvü kimi nəinki elmi, o cümlədən mədəni-ictimai fəaliyyətlə də məşğul olmaqla ölkəmizi xalqımızı layiqincə təmsil edir. O, Vyana Beynəlxalq Mərkəzinin nəzdində yaradılmış incəsənət klubunun üzvüdür və onun təşkilatçılığı ilə Vyanada azərbaycanlı rəssamların sərgiləri keçirilib. “BİZ – Zəfər yoluna davam” təşəbbüs qrupunun Avstriya üzrə koordinatoru olub. Avstriyada yaşayan soydaşlarımızın toplantısında səsvermə hüququ olan Azərbaycan vətəndaşlarını prezident seçkilərində fəal iştiraka və müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəkləməyə dəvət edib.

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər