Dövlət Komitəsində Azərbaycan-Yaponiya mədəni mübadilə layihəsi çərçivəsində görüş keçirilib
26 may, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə ölkəmizə gələn “Azərbaycan–Yaponiya Aikido və Mədəni Mübadilə Layihəsi 2026”nın iştirakçıları ilə görüş keçirilib. Görüşdə Yaponiyadan dəvət olunmuş aikido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova iştirak edib.
Komitə sədrinin birinci müavini Valeh Hacıyev qonaqları səmimi salamlayaraq, iki ölkə arasında mədəni əlaqələrin inkişafı, beynəlxalq əməkdaşlığın perspektivləri, eləcə də idman və incəsənətin xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində rolu barədə danışıb.
Görüşdə aikidonun yalnız idman növü deyil, eyni zamanda qarşılıqlı hörmət, intizam və mənəvi dəyərləri təşviq edən körpü olduğu vurğulanıb. Həmçinin bu kimi layihələrin Azərbaycan və Yaponiya arasında humanitar və mədəni əlaqələrin daha da genişlənməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Qonaqlar Qarabağ səfəri ilə bağlı təəssüratlarını bölüşüb, xüsusilə Şuşa şəhərinə heyran olduqlarını deyiblər. Bölgədə aparılan yenidənqurma və inkişaf proseslərini yaxından izləyən layihə iştirakçıları 44 günlük Vətən müharibəsində igid əsgərlərimizin göstərdiyi qəhrəmanlığı və xalqın nümayiş etdirdiyi birlik ruhunu yüksək qiymətləndiriblər. Yaponiyalı qonaq Cuniçi Qomita Sensei ölkəmizin zəngin mədəniyyəti, qonaqpərvərliyi və tarixi irsi ilə tanış olmaqdan məmnunluğunu ifadə edib.
Görüşün sonunda Azərbaycan və Yaponiya arasında gələcəkdə mədəni layihələrin, birgə tədbirlərin və beynəlxalq mübadilə proqramlarının davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Foto qalereya
Digər xəbərlər
