Dneprdəki soydaşlarımız 28 May – Müstəqillik Gününü qeyd ediblər
3 iyun, 2026
Ukraynanın Dnepr şəhərində fəaliyyət göstərən “Dnepropetrovsk vilayətinin azərbaycanlıları Liqası”nın Milli-Mədəni Mərkəzində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir keçirilib.
Liqanın sədri Sərxoş İsmayılov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi əhəmiyyətindən bəhs edib. O, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Azərbaycanın bu gün də inkişaf yolunda inamla irəlilədiyini bildirib.
Çıxışlarda Azərbaycan-Ukrayna münasibətlərinin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı vurğulanıb, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstəkdən, eləcə də Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətindən danışılıb.
Daha sonra publisist, tarix üzrə fəlsəfə doktoru və Qarabağ müharibəsi veteranı Hacı Nərimanoğlunun müəllifi olduğu “Oleq Babak, Azərbaycan səni unutmayacaq!” kitabının təqdimatı keçirilib. Nəşrdə azərbaycanlı mülki şəxslərin xilası uğrunda həyatını qurban verən ukraynalı zabit Oleq Babakın həyat və döyüş yolu əks olunub.
Tədbirin bədii hissəsində həftəsonu məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, musiqi nömrələri ilə çıxış ediblər.
Sonda iştirakçılar Müstəqillik Gününün bütün dünya azərbaycanlılarını birləşdirən mühüm tarixi bayram olduğunu deyib, Ukraynadakı Azərbaycan diasporunun bundan sonra da xalqlarımız arasında dostluğun və əməkdaşlığın inkişafına töhfə verəcəyini bildiriblər.
Foto qalereya
Digər xəbərlər
