Dmanisi Tədris Mərkəzində “Zəfər səsləyir bizi” adlı tədbir keçirilib
11 noyabr, 2026
Gürcüstanın Dmanisi şəhərində fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə “Zəfər səsləyir bizi” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərkəzin rəhbəri Kamran Xıdırov 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edib. O, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun nümayiş etdirdiyi qəhrəmanlıq və şücaətdən danışaraq noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsinin Zəfər tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb.
Digər çıxışçılar Zəfər Gününün Azərbaycan dövlətçilik tarixindəki əhəmiyyətinə toxunub, bu Qələbənin milli birliyimizin, xalqımızın sarsılmaz iradəsinin və rəşadətli ordumuzun gücünün təntənəsi olduğunu qeyd ediblər. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin gələcək nəsillər üçün əsl vətənpərvərlik və qəhrəmanlıq örnəyi olduğu bildirilib.
Tədbirin bədii hissəsində şagirdlər Vətənə, Qarabağa və tarixi Zəfərimizə həsr olunan şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim edib və hazırladıqları çıxışlarla iştirakçılarda qürur və iftixar hissi yaradıblar.
Foto qalereya
Digər xəbərlər
