Diaspor körpüsü: ABŞ-nin Corciya ştatında Azərbaycan icmasının toplantısı
18 may, 2026
Corciya ştatının Atlanta şəhərində və ətraf bölgələrdə yaşayan Azərbaycan icması ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev və komitə əməkdaşları iştirak edib.
Toplantı Azərbaycan Respublikasının və ABŞ-nin Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayıb.
Sədr müavini Elşad Əliyev diaspor quruculuğu sahəsində görülən işlər barədə danışıb. Bildirib ki, Azərbaycan diasporu müxtəlif ölkələrdə milli maraqların müdafiəsi, ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, eləcə də mədəni dəyərlərimizin təbliği baxımından mühüm rol oynayır.
Görüşün təşkilatçısı və Corciya Azərbaycan icmasının fəal üzvü Ehtiram Əsgərov çıxışında qeydiyyat prosesində olan yeni yaradılacaq təşkilat barədə məlumat verib. O, şəbəkələşmənin icmanın fəaliyyətinin daha koordinasiyalı və səmərəli şəkildə qurulmasına, eləcə də yerli azərbaycanlıların birgə fəaliyyət imkanlarının genişlənməsinə müsbət təsir göstərəcəyini vurğulayıb. Həmçinin soydaşlarımızı icmanın fəaliyyətində daha aktiv iştiraka səsləyib.
Atlantanın Emori Universitetinin professoru Əminə Salamova bu cür görüşlərin icma üzvlərinin bir araya gəlməsi, əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O bu formatda görüşlərin davamlı keçirilməsinin vacibliyini də diqqətə çatdırıb.
Corciya Azərbaycanlı Gənclər Birliyinin fəal üzvü Nigar Xasayeva ştatda təhsil alan azərbaycanlı gənclərin diaspor fəaliyyəti və onlarla birgə həyata keçirilən işlər barədə danışıb. Amerika Azərbaycanlı Gənclər Forumunda iştirakı ilə bağlı təəssüratlarını bölüşən soydaşımız forumun müxtəlif ştatlarda yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin qurulmasında, təcrübə mübadiləsində və yeni əməkdaşlıq imkanlarının formalaşmasında önəmli rol oynadığını bildirib.
Azərbaycanın Xalq şairi Fikrət Qocanın qızı Pərvanə Qoca Azərbaycan icmasının birliyinin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, xüsusilə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan diasporunun nümayiş etdirdiyi həmrəyliyin əhəmiyyətini vurğulayıb, icmanın fəaliyyətinə bundan sonra da dəstək göstərəcəyini deyib.
Görüşdə “Tarix dərsi”, “Birlik” və “Qarabağ Azərbaycandır” videoçarxları nümayiş olunub.
İştirakçıların suallarının cavablandırılması ilə davam edən toplantıda gələcək fəaliyyət istiqamətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Eyni zamanda, Corciya ştatında Azərbaycan diasporunun fəaliyyətinin daha da gücləndirilməsi, gənclərin diaspor işinə daha geniş cəlb edilməsi, milli-mədəni kimliyin qorunması və təşkilati fəaliyyətin inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.
Foto qalereya
Digər xəbərlər
