Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi konsert proqramı ilə davam edib

3 avqust, 2026

Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi konsert proqramı ilə davam edib

Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsinin açılış mərasimi bədii hissə ilə davam edib. “Simurq” Muğam Ansamblının instrumental heyətinin müşayiəti ilə təqdim olunan konsert proqramı iştirakçılara unudulmaz anlar yaşadıb.

Xanəndələr Mirələm Mirələmov və Kamilə Nəbiyevanın duet şəklində səsləndirdikləri "Ay qız" xalq mahnısı və qəhrəmanlıq ruhunu tərənnüm edən "Xudayar təsnifi" alqışlarla qarşılanıb, gənclərdə dərin vətənpərvərlik hissləri oyadıb. “Bayatı-Şiraz” “Mahur” kompozisiyası düşərgə iştirakçılarının zövqünü oxşayıb.

Xalq artisti Faiq Sücəddinovun ifasında səslənən "Vətən balladası", "Qarabağ Azərbaycandır" və "Düşürsən tez-tez yada" əsərləri gənclərin böyük rəğbətini qazanıb və sürəkli alqışlarla qarşılanıb.

Konsertdə, həmçinin müğənni Pərviz Abdullayevin ifasında “Azərbaycan”,  “Cənnətim Qarabağ” musiqiləri, "Eurovision 2011" mahnı müsabiqəsinin qalibi Nigar Camalın səsləndirdiyi "Running Scared" və "10 il sonra" mahnıları konsertin dinamik ritmini daha da yüksəldib.

"Simurq" Muğam Ansamblının ifasında "Naznazı" (Çahargah rəngi) və "Hekayə" instrumental kompozisiyaları milli musiqimizin zənginliyini nümayiş etdirib.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər