Diaspor Gənclərinin VII Yay Düşərgəsi zəngin təəssüratlarla yadda qalıb
12 avqust, 2026
Azərbaycan dövləti xaricdə yaşayan azərbaycanlı gənclərlə əlaqələrin möhkəmləndirilməsinə, onların milli-mənəvi dəyərlərə bağlılığının və Vətənlə əlaqələrinin daha da gücləndirilməsinə xüsusi önəm verir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Heydər Əliyev Fondu ilə birgə təşkil etdiyi və ənənəvi xarakter alan Diaspor Gənclərinin Yay düşərgələri də məhz bu məqsədlərə xidmət edən mühüm layihələrdən biridir.
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan Diaspor Gənclərinin VII Yay Düşərgəsi avqustun 2-dən 8-dək “Dirçələn şəhərlər” şüarı ilə Şərqi Zəngəzurda təşkil olunub. Düşərgədə dünyanın 64 ölkəsindən 123 azərbaycanlı gənc, eləcə də Azərbaycana dost münasibət bəsləyən xalqların nümayəndələri iştirak edib.
İştirakçılar əvvəlcə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Daha sonra 1-ci və 2-ci Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən igid Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
Düşərgənin açılış mərasimi Şərqi Zəngəzurun dilbər guşəsi olan Zəngilanda baş tutub. Zəngilan rayonunda aparılan bərpa-quruculuq işləri, həmçinin dünya diaspor tarixində unikal layihə olan Diaspor Gənclərinin Yay Düşərgələrinin Azərbaycanda keçirilməsinin tarixindən bəhs edən qısa filmlər böyük maraqla qarşılanıb.
“Diaspor Gənclərinin Yay Düşərgələri dünya diaspor tarixinin unikal və nüfuzlu layihələrindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti bu mühüm layihənin davamlılığını şərtləndirir və sizin bu gün Qarabağda olmağınız əldə olunan çox mühüm nəticədir. Bundan sonra əsas hədəfimiz qlobal Azərbaycan icmasının birliyini yaratmaqdır, siz bu birliyin ən fəal üzvləri olmalısınız” - bu sözləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışı zamanı səsləndirib.
Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, Milli Məclis sədrinin müavini Musa Qasımlı, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov diaspor gənclərini əhatə edən innovativ layihənin xaricdəki Azərbaycan icmalarının birliyinə, diasporun gəncləşməsinə verdiyi töhfələrdən danışıb, düşərgənin bir neçə ildir ki, işğaldan azad olunan ərazilərdə keçirilməsinin əhəmiyyətinə diqqət çəkiblər.
Açılış mərasiminin bədii hissəsində “Simurq” Muğam Ansamblının instrumental heyətinin müşayiəti ilə təqdim olunan konsert proqramı gənclərə unudulmaz anlar yaşadıb.
Gənclər daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin və komitənin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyəti barədə məlumatlandırılıb. Komitənin sədr müavini Elşad Əliyev DİDK-nin yaranma tarixi, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyduğu strateji məqsədlər barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu diaspor siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə uğurla davam etdirildiyini, diaspor quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev qeyd edib ki, fond xaricdəki Azərbaycan icmalarının və diaspor təşkilatlarının layihələrini dəstəkləyir, təşkilatlara və fərdi şəxslərə sosial yardım göstərir.
Xaricdəki Azərbaycan Evlərinin rəhbərləri ilə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin iştirakçılarının görüşü ölkəmizin beynəlxalq miqyasda tanıdılmasında Azərbaycan Evlərinin nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirib.
Bundan əlavə, gənclərin ana dilində biliklərinin daha da möhkəmləndirilməsi üçün təşkil olunan dərslərə böyük maraq göstərilib, onların dil biliklərinin inkişafına xüsusi töhfə verilib. İnteraktiv formatda keçirilən təlimlər zamanı isə praktiki nümunələrə əsaslanan qrup müzakirələri aparılıb, gənclərin çoxsaylı sualları cavablandırılıb.
Düşərgə günlərində gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən şahmat turniri, Breyn-rinq intellektual oyunu və müxtəlif komanda yarışları yüksək rəqabət şəraitində keçib, sonda isə qaliblər mükafatlandırılıb.
Proqram çərçivəsində dünya şöhrətli fotojurnalist Reza Deqatinin uzun illər ərzində dünyanın müxtəlif bölgələrində lentə aldığı fotolardan ibarət təqdimatı diaspor gənclərində dərin təəssürat yaradıb. Gənclər Reza Deqatiyə Azərbaycan həqiqətlərinin, xalqımızın tarixi yaddaşının və milli-mədəni irsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə minnətdarlıqlarını ifadə ediblər.
Həmçinin “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri, jurnalist Ayaz Mirzəyevin ssenari müəllifi olduğu “Yaradan” sənədli filminin təqdimatı düşərgə iştirakçılarında böyük maraq doğurub. Tarix elmləri doktoru, professor Solmaz Tohidinin "Azərbaycanlı tələbələr Avropa universitetlərində: 100 illik tarix (1850–1950)" mövzusunu əhatə edən mühazirəsində XIX əsrin ikinci yarısından XX əsrin ortalarına kimi Avropanın nüfuzlu ali təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələrdən bəhs olunub.
Düşərgənin ən təsirli və kövrək anlarından biri olan "Zəfəri yaşadanlar, sabahı yaradanlar" - Şəhid ailələri və Qarabağ fatehlərinin gənclərlə görüşü unudulmaz tarixə çevrilib. Şəhid ailələrinin üzvləri və qəhrəman qazilərin səmimi çıxışları gənclərə dərin təsir bağışlayıb, onlarda böyük qürur və vətənpərvərlik hissi oyadıb. Tədbirin emosional anlarında bir çox iştirakçı göz yaşlarını saxlaya bilməyib.
Diaspor gənclərinin Şuşa və Xankəndi şəhərlərinə səfəri zəngin təəssüratlarla yadda qalıb. Cıdır düzünü, Yuxarı Gövhər Ağa məscidini, güllələnmiş heykəlləri, Şuşa qalasının tarixi Gəncə qapısını, görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın Ev Muzeyini və Xan qızı bulağını ziyarət edən gənclərə Şuşanın tarixi, şəhərin mədəni irsi və işğal dövründə Azərbaycan abidələrinə qarşı törədilən vandalizm faktları barədə geniş məlumat verilib. Şəhərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri böyük maraq və heyranlıqla qarşılanıb.
Düşərgə iştirakçıları daha sonra Xankəndidə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbəni əks etdirən Zəfər parkını ziyarət edib, şəhərin tarixi, mövcud vəziyyəti, sosial və mədəni həyatı, eləcə də bölgədə gedən bərpa və quruculuq işləri barədə bilgiləndiriliblər. İşğaldan azad edilən ərazilərdə elm və təhsilin inkişafına, regionun intellektual potensialının gücləndirilməsinə mühüm töhfə verməyi hədəfləyən Qarabağ Universiteti ilə tanışlıq diaspor gəncləri üçün əlamətdar bir tarixə çevrilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə “Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusunda keçirilən panelin qonaqları Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev və Azərbaycan Respublikasının Albaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov olub. Gənclərin Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın diplomatik fəaliyyətində hansı dəyişikliklərin baş verdiyinə dair sualını cavablandıran səfirlər tarixi Zəfərin onların diplomatik fəaliyyətinin gündəliyində yeni istiqamətlər müəyyənləşdirdiyini bildiriblər. Düşərgə iştirakçıları bu cür tarixi və siyasi əhəmiyyət daşıyan görüşlərin onlarda ölkəmizin xarici siyasətinin prioritetləri ilə bağlı dolğun məlumat bazasının yaratdığını vurğulayıblar.
Bundan əlavə, “Bir arada olmaq sevincdir” mövzusunda Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvləri ilə düşərgə iştirakçılarının görüşündə gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib, müxtəlif ölkələrdə qazanılan təcrübələr diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə baş tutan görüş xüsusi əhəmiyyət daşıyıb. Xalq artisti Cahangir Novruzov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Xalq artisti Mehriban Zəki dünyanın müxtəlif ölkələrindən gələn diaspor gəncləri ilə eyni məkanda görüşməkdən məmnun olduqlarını bildirib, Azərbaycanın bugünkü inkişafının və əldə olunan tarixi nailiyyətlərin hər bir soydaş üçün qürur mənbəyi olduğunu vurğulayıblar. Gənclər mədəniyyət xadimlərinə çoxsaylı suallar ünvanlayıb, onların Azərbaycanın zəngin mədəni irsinə verdikləri töhfələr, yaradıcılıq fəaliyyəti və xalqımızın yaddaşında əbədi iz qoyan əsərləri ilə bağlı fikirlərini öyrəniblər.
Diaspor Gənclərinin VII Yay Düşərgəsinin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədrinin müavini, düşərgənin Təşkilat Komitəsinin sədri Elşad Əliyev çıxış edərək bu möhtəşəm tədbirin uğurla başa çatdığını bildirib, düşərgənin keçirilməsinə dəstək göstərən bütün qurumlara təşəkkür ifadə edib.
Mərasimdə düşərgənin yaddaqalan anlarını əks etdirən geniş videomaterial nümayiş olunub. Düşərgənin əcnəbi iştirakçılarının bayatılarımızı, milli rəqslərimizi təqdim etməsi, eləcə də gənclərin ifasında “Azərbaycan” şeirinin səslənməsi sürəkli alqışlarla qarşılanıb.
Şərqi Zəngəzurdan zəngin təəssüratlarla ayrılan düşərgə iştirakçıları Vətənə gəlməkdən böyük sevinc hissi keçirdiklərini və düşərgənin onların həyatında unudulmaz iz buraxdığını bildiriblər. Onlar üçün belə bir imkan yaradıldığına görə Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə edib, layihənin uzun illər davam etməsini arzulayıblar.
Ən böyük mesaj isə bəlkə də elə budur: “Vətənlə məsafə coğrafi anlayışdır, bağlılıq isə ürəklə ölçülür”. Dünyanın 64 ölkəsindən gələn 123 gəncin Qarabağda bir araya gəlməsi bu bağlılığın nə qədər güclü olduğunu bir daha nümayiş etdirib.
Qeyd edək ki, bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə ümumilikdə 84 ölkədən 700-dən çox gənc qatılıb.
Digər xəbərlər
