Diaspor Gənclərinin VII Yay Düşərgəsi uğurla başa çatıb
9 avqust, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şərqi Zəngəzurda “Dirçələn şəhərlər” şüarı ilə keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsi başa çatıb.
Düşərgənin bağlanış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib. Komitə sədrinin müavini, düşərgənin Təşkilat Komitəsinin sədri Elşad Əliyev çıxış edərək bu möhtəşəm tədbirin uğurla başa çatdığını bildirib. Qeyd edib ki, yay düşərgələri Azərbaycan dövlətinin xaricdə yaşayan gənclərlə bağlı unikal və nəticəyönümlü layihəsidir. Sədr müavini gənclərin bu innovativ layihə çərçivəsində Qarabağın müxtəlif şəhərlərinə səfər etdiklərini, dirçələn şəhərlərimizdə və işğaldan azad olunan torpaqlarda aparılan yenidənqurma işlərini daha yaxından müşahidə etdiklərini nəzərə çatdırıb, düşərgənin keçirilməsinə göstərilən dəstəyə görə əsas tərəfdaş təşkilatçı kimi Heydər Əliyev Fonduna və dəstək göstərən digər bütün qurumlara təşəkkür ifadə edib.
Mərasimdə düşərgənin yaddaqalan anlarını əks etdirən geniş videomaterial nümayiş olunub.
Düşərgənin əcnəbi iştirakçılarının bayatılarımızı, milli rəqslərimizi təqdim etməsi, eləcə də gənclərin ifasında “Azərbaycan” şeirinin səslənməsi sürəkli alqışlarla qarşılanıb.
Daha sonra diaspor könüllülərinə sertifikatlar, futbol yarışının və intellektual oyunların qaliblərinə hədiyyələr təqdim edilib
Şərqi Zəngəzurdan zəngin təəssüratlarla ayrılan düşərgə iştirakçıları layihənin uzun illər davam etməsini arzulayıblar.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edən Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edib. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə ümumilikdə 84 ölkədən 700-dən çox gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
