Diaspor Gənclərinin VII Yay Düşərgəsi iştirakçılarının təəssüratları beynəlxalq mediada
2 sentyabr, 2026
Bu il avqustun 2-dən 8-nə qədər Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsi qlobal diaspor tarixinin mühüm hadisəsi kimi tarixə düşüb, həmçinin iştirakçılar üçün unudulmaz xatirəyə çevrilib.
Düşərgədə iştirak edən gənclər təəssüratlarını Braziliya mətbuatında, “Jnews.az” xəbər portalında və İsrailin rusdilli oxucuları üçün nəşr olunan “Novosti nedeli” qəzetində bölüşüblər.
Əslən Azərbaycandan olan və İsraildə doğulan Yakov Lukimson vurğulayıb ki, Azərbaycan mədəniyyətinə, musiqisinə və mətbəxinə böyük bağlılıqları var. Düşərgədə müxtəlif ölkələrdən gələn gənclər arasında qarşılıqlı hörmət, etimad və dostluq münasibətlərinin formalaşdığını bildirən Yakov Azərbaycanın tolerant, multikultural dəyərlərə sahib olduğunu və bu gün sürətlə inkişaf etdiyini söyləyib. O, düşərgədəki səmimi mühitdən danışıb, buranın açıq dialoq platforması olduğunu dilə gətirib. İştirakçı düşərgənin ona Azərbaycanı daha yaxından tanımağa imkan verdiyini və özünü həqiqətən də "Azərbaycanın oğlu" kimi hiss etdirdiyini deyib.
Düşərgəyə Braziliyadan qatılan Halil Ceyhan Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüşün yaddaqalan olduğunu vurğulayıb. Bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən görüşdə Xalq artistləri Cahangir Novruzov, Fəxrəddin Manafov, Yalçın Adıgözəlov, Mehriban Zəki və Əməkdar incəsənət xadimi Cavanşir Quliyev gənclərlə fikir mübadiləsi aparıb.
Braziliya mətbuatında jurnalist Fabiana Ceyhanın da düşərgə ilə bağlı məqaləsi dərc olunub. Məqalədə Diaspor Gənclərinin VII Yay Düşərgəsinin əsas məqsədi, iştirakçıların proqram çərçivəsində keçirdikləri görüşlər və Azərbaycanın tarixi-mədəni irsi ilə tanışlıq imkanları geniş işıqlandırılıb. Yazıda, həmçinin düşərgənin müxtəlif ölkələrdən olan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi və onların milli kimliyə bağlılığının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Müsahibə və məqalənin tam mətnini aşağıdakı linklər vasitəsilə oxumaq mümkündür:
https://brasiliainfoco.com/intelectuais-de-destaque-do-azerbaijao-se-reunem-com-jovens-da-diaspora/
https://jnews.az/ru/izrailskij-yunosha-azerbajdzhanskij-lager-diaspory-pomog-mne-zanovo/
Foto qalereya
Digər xəbərlər
