Diaspor fəalı Natəvan Qasımzadə vəfat edib
13 may, 2026
İngiltərədə yaşayan soydaşımız, diaspor fəalı Natəvan Qasımzadə ömrünün 34-cü ilində vəfat edib.
1992-ci ildə Bakıda anadan olan Natəvan Qasımzadə orta və bakalavr təhsilini doğma şəhərində başa vurub. Daha sonra İngiltərənin “Westminster” Universitetində “Hematologiya” ixtisası üzrə magistr təhsili alıb və həmin ölkədə tibb sahəsində çalışmağa başlayıb.
Natəvan Qasımzadə İngiltərədə diaspor fəaliyyətinə aktiv qoşularaq Azərbaycan həqiqətlərinin təbliği və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ardıcıl işlər görüb. 44 günlük Vətən müharibəsi zamanı beynəlxalq ictimaiyyəti tarixi faktlara əsasən düzgün məlumatlandırmaqda fəal rol oynayıb. O həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin təşkil etdiyi layihələrdə iştirak edərək diaspor fəaliyyətinə töhfələr verib.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Natəvan Qasımzadənin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.
Digər xəbərlər
