Danimarkada Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb
12 iyun, 2026
Danimarkada yerləşən Azərbaycan Evində bu ölkədə yaşayan azərbaycanlı uşaqların ana dilini daha dərindən mənimsəməsi, milli-mənəvi dəyərlərimizə bağlı böyüməsi və asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə Azərbaycan dili məktəbi fəaliyyətə başlayıb.
Məktəbdə uşaqların oxu, yazı və nitq bacarıqlarının inkişafı, həmçinin Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında biliklərinin zənginləşdirilməsi istiqamətində dərslər təşkil olunur. İlk dərs məktəbin müəllimi Leyla Məmmədova tərəfindən keçirilib. Tədris prosesində uşaqların yaş xüsusiyyətləri nəzərə alınır, dərslərdə müasir və interaktiv metodlar tətbiq edilir.
Danimarkadakı azərbaycanlı ailələr bu təşəbbüsə böyük maraq göstəriblər. Yeni açılan məktəbin övladlarının milli kimliklərini qoruyub saxlamasına, ana dillərində sərbəst ünsiyyət qurmasına və Azərbaycanla bağlılıqlarını daha da gücləndirməsinə mühüm töhfə verəcəyini vurğulayıblar.
Məlumat üçün bildirək ki, Danimarka Azərbaycan Evi də daxil olmaqla, hazırda dünyanın 21 ölkəsində 33 Azərbaycan Evi fəaliyyət göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan məktəbi mövcuddur. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini dərs kitabları və tədris vəsaitləri ilə təmin edir.
Foto qalereya
Digər xəbərlər
