Komitə sədri Berlindəki Azərbaycan həftəsonu məktəbində olub

10 may, 2023

Komitə sədri Berlindəki Azərbaycan həftəsonu məktəbində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Berlinə səfəri çərçivəsində bu şəhərdə fəaliyyət göstərən “Xarı Bülbül“ Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki Azərbaycan həftəsonu məktəbinin fəaliyyəti ilə tanış olub.

 “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədr müavini Sevda Badaliouri  qonaqlara məktəbin fəaliyyəti və tədris planı barədə ətraflı məlumat verib. Müasir avadanlıqla təchiz olunmuş kurslarda hər dərsin Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladığı, Azərbaycan dilini mənimsəyən şagirdlərə ilk növbədə tarixi vətənlərinin dövlət atributlarının öyrədildiyi, tarixi və milli bayramlarımızla bağlı xüsusi layihələrin həyata keçirildiyi nəzərə çatdırılıb.

Mərkəzdə yaradılmış şəraitlə tanışlıq zamanı Komitə sədri Azərbaycan dili və ədəbiyyatı, musiqi və rəsm dərslərini izləyib. Bu kurslarda təhsil alan iki qrupun şagirdləri ilə söhbət edib, tədris prosesi barədə onların fikirləri ilə maraqlanıb.

Komitə sədri Prezident İlham Əliyevin mədəniyyət paytaxtımız Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər (V) Qurultayındakı “Çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Çünki ana dili əsas amildir” fikrini xatırladıb və bu tövsiyənin xaricdə böyüyən azərbaycanlı uşaqların doğma dilimizi öyrənmələri, tariximizə və mədəniyyətimizə bələd olmaları baxımından böyük əhəmiyyət daşıdığını bir daha nəzərə çatdırıb, bu istiqamətdə görülən işlərdən danışıb.

Görüş həftəsonu məktəbinin böyüklər üçün kursunda təhsil alan gənclərin suallarının cavablandırılması ilə yekunlaşıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər