İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

21 avqust, 2026

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimatı keçirilib

İğdır Azərbaycan Evində “Her Yönüyle Iğdır” kitabının təqdimat mərasimi keçirilib.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acarın müəllifi olduğu nəşrdə İğdırın tarixi, mədəni irsi, adət-ənənələri, eləcə də şəhərin ictimai-mədəni həyatının müxtəlif istiqamətləri haqqında məlumatlar yer alıb. Kitab Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib.

Təqdimat mərasimində İğdır valisi Mustafa Fırat Taşolar, İğdır Vilayət Polis İdarəsinin rəisi Niyazi Turgay, İğdır Universitetinin rektorunun müşaviri professor Uğur Şimşək, Milliyyətçi Hərəkat Partiyası (MHP) İğdır vilayətinin sədri Hüseyn Ateş, İğdır Melekli qəsəbəsinin rəhbəri Mücahit Tanık, eləcə də ictimaiyyət və mədəniyyət nümayəndələri, sənətsevərlər iştirak ediblər.

Tədbirdə çıxış edən Ziya Zakir Acar kitabın ərsəyə gəlməsi məqsədi, hazırlanma prosesi və nəşrdə əks olunan mövzular barədə məlumat verib. Bildirib ki, əsərin əsas məqsədi İğdırın tarixi-mədəni irsinin araşdırılması, qorunması və daha geniş auditoriyaya çatdırılmasıdır.

Çıxışlarda İğdırın qədim tarixinin, zəngin mədəni irsinin öyrənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, “Her Yönüyle Iğdır” kitabı şəhərin tarixi-mədəni dəyərlərinin tanıdılması baxımından mühüm mənbələrdən biridir.

Sonda tədbir iştirakçıları üçün kitabın imza mərasimi keçirilib.

Təqdimat mərasimi Azərbaycan-Türkiyə arasında ortaq mənəvi dəyərlərə əsaslanan əlaqələrin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər