Çikaqoda keçirilən 3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib

13 may, 2026

Çikaqoda keçirilən 3-cü Amerika Azərbaycanlı Gənclər Forumu beynəlxalq dialoqa töhfə verib

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində yerləşən Şimal-Qərb İllinoys Universitetində (“Northeastern İllinois University”) "Dialoqdan fəaliyyətə" (“From Dialogue to Action”) adlı 3-cü Amerika Azərbaycanlı Gənclər Forumu keçirilib.

İki gün davam edən forum Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Çikaqoda fəaliyyət göstərən Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı və Amerika Azərbaycanlı Təşkilatları Alyansının təşkilati dəstəyi ilə baş tutub. Foruma ABŞ-nin “Corc Vaşinqton”, “Cənubi Florida”, “İllinoys”, “Kolumbiya”,  “Con Hopkins”, “Pensilvaniya”,  “Nyu York”, “Urbana Şampeyn İllinoys”, “Corc Meyson”, “Boston” kimi təhsil ocaqlarından olmaqla ümumilikdə 23 ştatdan 52 universitetin tələbələri, gənclər, təlimçilər, Azərbaycan icmasının üzvləri, komitə əməkdaşları, Azərbaycanın ABŞ-dəki səfirliyinin təmsilçisi, Türkiyənin Çikaqodakı Baş konsulu və Pakistanın Çikaqodakı Baş konsulunun müavini qatılıb.

Amerika Azərbaycanlı Gənclər Federasiyasının İdarə heyətinin üzvü Fərid Axundov və Kolumbiya Universitetinin tələbəsi Elnarə Hüseynovanın moderatorluğu ilə keçirilən forumda Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Diasporla İş üzrə Dövlət  Komitəsinin sədr müavini Elşad Əliyev çıxışında diaspor sahəsində gənclərin rolundan, Azərbaycan dövlətinin gənclər siyasətinə verdiyi önəmdən bəhs edib və forumun işinə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin təmsilçisi Fatma Yolçuyeva, Türkiyə Respublikasının Çikaqoda Baş konsulu Tahir Bora Atatanır və Pakistanın Çikaqodakı Baş konsulunun müavini  Səid Əli (Saeed Ali)  forumun önəmini vurğulayıb, gənclərin təhsillə yanaşı, ictimai fəaliyyətdə iştirakının vacibliyini diqqətə çatdırıblar.

Tədbirin təşkilatçıları, Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbərləri Fərid və Mehriban Məmmədovlar, Təşkilat Komitəsinin üzvü  Rəşid Əzimov və Amerika Azərbaycanlı Təşkilatları Alyansının İdarə Heyətinin üzvü Samir Novruzov gəncləri özünüinkişafla yanaşı milli birliyə səsləyib, onları hər zaman xaricdə öz şəxsiyyətləri ilə bərabər Azərbaycanı təmsil etdiklərini unutmamalarını xatırladıblar. 

Forumda, həmçinin Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “ElTV Production”ın hazırladığı Ümummilli Lider Heydər Əliyevə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti: Milli kimliyin qorunması və inkişafı strategiyası” (“Heydar Aliyev and Azerbaijani Culture: A Strategy for Preserving and Developing National Identity”) adlı filmin təqdimatı keçirilib.

Forum öz işinə panel müzakirələri, təlim və təqdimatlarla davam edib.

“Təcrübə və baxışlar: Gənclər üçün strateji yanaşmalar və inkişaf perspektivləri” və “Gənclərin strateji qərarvermə yanaşmaları və effektiv fəaliyyət istiqamətləri” mövzularında keçirilən panellərdə ABŞ-də təhsil alan, eləcə də müxtəlif sahələrdə uğur qazanan gənclər və diaspor nümayəndələri qatılıb. Panel iclasında uğura aparan yolda qazanılan təcrübələr iştirakçılarla bölüşülüb. Tədbir fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib.

Hökümə Kərimovanın “İntizam, təzyiq və baxış – öz həyatının baş qəhrəmanı olmaq” (“Discipline, Pressure & Vision-Becoming the Main Character of Your Life”) mövzusunda keçirdiyi təlim gənclərin marağı ilə qarşılanıb.

ABŞ-nin Corc Meyson Universitetində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri İlyas Vəliyev və Vaşinqton Universitetinin doktorantı Təhminə Mehtiyeva “Bizim şəbəkə” (“Bizim Circle”) adlı gənclər üçün vahid platforma təqdim ediblər. Bildirilib ki, platforma müxtəlif ştatlarda yaşayan gəncləri bir araya gətirməyi, onların bir-birinə daha yaxın olmasını təmin etməyi, həmçinin qarşılıqlı əlaqəni və məlumat mübadiləsinin əlçatanlığını hədəfləyir.

Forumda Kaliforniyada fəaliyyət göstərən “Stealth Startup”da (“ictimaiyyətə açıqlanmadan fəaliyyət göstərən startap”) Platforma və Təhlükəsizlik üzrə baş mühəndis və İT mütəxəssisi Şəhriyar Məmmədov gənclərə “Müasir dünyada süni intellekt”( “Aİ in the Modern World”) mövzusunda təqdimat keçirib. Təqdimat zamanı fəal olan iştirakçılar mükafatlandırılıb.

Bundan əlavə, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin prezidenti Nurlan Şükürovun və diaspor fəalı Ülvi Verdiyevin idarəçiliyi ilə breyn rinq keçirilib. Ölkəmizlə bağlı sualların üstünlük təşkil etdiyi yarışmada 6 müxtəlif komandada 30-dan çox gənc öz bilik və bacarıqlarını göstərib. Qalib komandaya hədiyyələr təqdim edilib.

Tədbirdə 2024 və 2025-ci illərdə keçirilən Amerika Azərbaycanlı Gənclər Forumlarından ibarət videoçarx, ABŞ-də gənclərin diaspor fəaliyyətinə dair təqdimat, eləcə də “Birlikdə”, “Tarix dərsi” videoçarxları nümayiş olunub.

Bədii hissədə gənclərin təqdimatında “Naz eləmə” rəqsi ifa olunub, milli musiqi alətlərində xalq musiqilərimiz səsləndirilib. Sonda “Yaşa mənim xalqım” mahnısı iştirakçılarla birlikdə ifa edilərək gənclərə unudulmaz anlar yaşadıb. Tədbir “Yallı” rəqsi ilə davam etdirilib.

Sonda iştirakçılara sertifikatlar verilib və xatirə fotosu çəkilib.

Məlumat üçün bildirək ki, 1-ci Amerika Azərbaycanlı Gənclər Forumu 2024-cü ildə Vaşinqtonda, 2-ci Amerika Azərbaycanlı Gənclər Forumu 2025-ci ildə Virciniyada keçirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər