Bursada “Şuşadan Bursaya Zəfər nəğmələri” adlı konsert keçirilib
18 noyabr, 2026
8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyənin Bursa şəhərində “Şuşadan Bursaya Zəfər nəğmələri” adlı konsert keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF), Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi və Turan Rəqs Akademiyasının dəstəyi, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik Dərnəyinin (BAİDD) təşəbbüsü, Bursa Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilib.
BAİDD İdarə Heyətinin sədri Lətifə Nağdəliyeva açılış nitqində Azərbaycan-Türkiyə qardaşlığının tarixi köklərindən, ortaq milli-mənəvi dəyərlərdən və iki ölkə arasındakı həmrəyliyin əhəmiyyətindən danışıb.
Bursa Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Kevser Öztürk, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Handan Askeran Ton, KAISİAD sədri Yener Bulut və Yıldırım Bələdiyyəsi sədrinin müavini Ahmet Aras çıxışlarında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığından bəhs ediblər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər Günü ilə bağlı videomüraciəti nümayiş etdirilib.
Tədbirin bədii hissəsində Şuşa Musiqi Qrupunun ifasında milli musiqi və rəqslərimiz ifa olunub. Konsert iştirakçıların böyük marağı ilə qarşılanıb.
Foto qalereya
Digər xəbərlər
