Britaniyanın Azərbaycan icması “The Guardian” qəzetini Qarabağ münaqişəsinə balanslı yanaşmağa çağırıb

16 sentyabr, 2026

Britaniyanın Azərbaycan icması “The Guardian” qəzetini Qarabağ münaqişəsinə balanslı yanaşmağa çağırıb

Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan icması və tələbə təşkilatları “The Guardian” qəzetinə müraciət ünvanlayıblar. Britaniya Azərbaycanlıları Cəmiyyəti, “Caspian Circle” təşkilatı, Edinburq Universiteti və Kraliça Meri Universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Cəmiyyətləri, eləcə də Midlseks Universitetində doktorantura təhsili alan Tofiq Şəhniyarov tərəfindən göndərilən müraciətdə qəzetdə “The Black Garden” sənədli filmi ilə bağlı dərc olunan məqaləyə münasibət bildirilib.

Müraciətdə sözügedən məqalədə Qarabağ münaqişəsinin təqdimatı zamanı bir sıra mühüm tarixi və siyasi məqamların nəzərə alınmadığı diqqətə çatdırılıb. Bildirilib ki, resenziyada əsas diqqət regionda yaşayan erməni əhalisinin müharibə təcrübəsi və sosial-psixoloji nəticələrinə yönəldilib, azərbaycanlıların üzləşdiyi faciələr və münaqişənin digər mühüm aspektləri isə yetərincə əks olunmayıb.

Qeyd olunub ki, Qarabağ münaqişəsinin yalnız bir tərəfin baxış bucağından təqdim edilməsi oxucularda regionun mürəkkəb tarixi və siyasi reallıqları barədə natamam təsəvvür yarada bilər. Bu baxımdan azərbaycanlı məcburi köçkünlərin üzləşdiyi çətinliklərin, ərazilərimizin uzunmüddətli işğalının nəticələrinin, mülki əhali arasında baş vermiş itkilərin və digər mühüm tarixi faktların da obyektiv şəkildə işıqlandırılmasının vacibliyi vurğulanıb.

Müraciət müəllifləri “The Guardian” qəzetini gələcək materiallarda münaqişənin müxtəlif tərəflərinin təcrübə və mövqelərinə balanslı yanaşmağa, eləcə də mövzunu tarixi və beynəlxalq hüquqi kontekst nəzərə alınmaqla təqdim etməyə çağırıblar.

Böyük Britaniyada yaşayan azərbaycanlıların və tələbə təşkilatlarının bu təşəbbüsü Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və regionla bağlı məsələlərdə obyektiv yanaşmanın təşviqi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər