Böyük Britaniyanın universitetlərində Azərbaycan cəmiyyətləri ölkəmizi təmsil ediblər
2 oktyabr, 2026Böyük Britaniyanın aparıcı ali təhsil müəssisələrində yeni tədris ilinin başlanması münasibətilə tələbə cəmiyyətlərinin ənənəvi sərgiləri keçirilib. Sərgilərdə Azərbaycan Tələbə Cəmiyyətləri də fəal iştirak ediblər.
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi, London İmperial Kolleci, Vorvik və Şeffild Universitetlərində fəaliyyət göstərən Azərbaycan cəmiyyətlərinin stendləri dövlət rəmzləri və milli atributlarla bəzədilib, ölkəmizin zəngin mədəni irsini əks etdirən çap materialları nümayiş olunub. Ziyarətçilərə Azərbaycanın tarixi, müasir inkişafı barədə ətraflı məlumat verilib, milli mətbəximizə məxsus şirniyyat nümunələri təqdim edilib. Həmçinin Azərbaycan cəmiyyətlərinin fəaliyyəti, həyata keçirdikləri layihələr və gələcək təşəbbüsləri iştirakçıların diqqətinə çatdırılıb.
Azərbaycan cəmiyyətlərinin bu tədbirlərdə fəal iştirakı ölkəmizin Böyük Britaniyanın akademik mühitində tanıdılmasına, Azərbaycan həqiqətlərinin təbliğinə və tələbələr arasında ölkəmiz barədə məlumatlılığın artırılmasına töhfə verir. “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyada təhsil alan tələbələrin də bu fəaliyyətlərə qoşulması gənclərin diaspor fəaliyyətində rolunun güclənməsinə şərait yaradır.
Foto qalereya
Digər xəbərlər
