Bolnisidə professor Mədəd Çobanovun xatirəsi anılıb
23 iyun, 2026
Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə tanınmış dilçi alim, istedadlı türkoloq, filologiya elmləri doktoru və professor Mədəd Çobanovun xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin, eləcə də professor Mədəd Çobanovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Açılış nitqi ilə çıxış edən mərkəzin direktoru Rezo Həsənov qonaqları salamlayaraq, professorun həyat yolu, zəngin elmi fəaliyyəti və yaradıcılığı haqqında ətraflı məlumat verib.
Tədbirin təşkilatçılarından olan Tahirə Əliyeva alimin ana dilimizə, milli mədəniyyətimizə və türkologiya elminə verdiyi dəyərli töhfələr barədə təqdimatla çıxış edib.
Anım mərasimində müəllimlər, ziyalılar, mərhum alimin tələbələri, ailə üzvləri professor Mədəd Çobanovla bağlı xatirələrini bölüşüblər.
Bolnisinin fəxri vətəndaşı, Faxralı ictimai məktəbinin müəllimi Bayram Abbasov, tarixçi-alim, sabiq deputat Ramiz Bəkirov, Kəpənəkçi və Darvaz ictimai məktəbinin müəllimi Zakir Məmmədov, professorun tələbələri Kifayət Cəfərli, Minarə Gərəkova və Tinatin Əliyeva mərhum alimlə bağlı xatirələrini danışıb, onun Azərbaycan elminin və türkologiyayanın inkişafında mühüm xidmətlər göstərdiyini vurğulayıblar.
Darvaz ictimai məktəbinin yuxarı sinif şagirdləri Mələk Bayramova, Gülandam Səfərova, Aytac Bayramova, Məryəm Aslanova, Süphanə Bayramova və Nargilə Musayeva professor alimin yaradıcılığına həsr olunan şeirlər səsləndirib, hazırladıqları təqdimatları nümayiş etdiriblər.
Sonra Mədəd Çobanovun oğlu Müşfiq Çobanovun göndərdiyi kitablar və digər hədiyyələr iştirakçılara verilib.
Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.
Foto qalereya
Digər xəbərlər
