“Bizim Circle”: Xaricdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirən yeni rəqəmsal platforma
2 iyun, 2026
Amerika Birləşmiş Ştatlarında yaşayan və təhsil alan azərbaycanlı gənclərin sosial və peşəkar əlaqələrinin gücləndirilməsi məqsədilə yaradılmış “Bizim Circle” adlı yeni rəqəmsal platforma istifadəyə verilib. Platforma xaricdə yaşayan azərbaycanlı tələbə və gənc peşəkarların vahid icma ətrafında birləşməsi, qarşılıqlı əməkdaşlıq imkanlarının genişlənməsi və davamlı əlaqələrin qurulmasına dəstək göstərməyi hədəfləyir. “Bizim Circle” istifadəçilərə müxtəlif mövzularda paylaşımlar və tədbirlər təşkil etmək, elan və karyera imkanlarını bölüşmək, real vaxt rejimində ünsiyyət qurmaq, eləcə də ortaq maraq və fəaliyyət istiqamətləri əsasında icmalar formalaşdırmaq imkanı yaradır.
Layihənin əsas təşəbbüskarı Corc Meyson Universitetinin tələbəsi və universitetdə fəaliyyət göstərən Azərbaycanlı Gənclər Təşkilatının rəhbəri İlyas Vəliyevdir. Həmtəsisçilər sırasında Kolumbiya Universitetinin məzunu və hazırda “Microsoft” şirkətində çalışan Təhminə Mehtiyeva, London İmperial Kollecinin məzunu Diana Hacıyeva və Deyvis Kaliforniya Universitetinin məzunu Zarina Məcidova yer alır.
Layihə xaricdə təhsil alan və peşə fəaliyyəti ilə məşğul olan azərbaycanlı gənclərin real təcrübələri əsasında formalaşıb. Təşəbbüskarların sözlərinə görə, müxtəlif ölkələrdə yaşayan soydaşların effektiv əlaqələr qurmaqda çətinliklərlə üzləşməsi, mövcud kommunikasiya kanallarının kifayət qədər aktiv olmaması və uyğun icmaların tapılmasında yaranan boşluqlar yeni platformanın yaradılmasını zəruri edib. Bu ehtiyacların nəticəsi olaraq formalaşan “Bizim Circle” qlobal azərbaycanlı gəncləri vahid rəqəmsal mühitdə bir araya gətirməyi qarşısına məqsəd qoyur.
Platformanın ilk təqdimatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Çikaqoda fəaliyyət göstərən Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı və Amerika Azərbaycanlı Təşkilatları Alyansının təşkilati dəstəyi ilə Çikaqoda keçirilən 3-cü Amerika Azərbaycanlı Gənclər Forumu - “Dialoqdan fəaliyyətə” tədbiri çərçivəsində iştirakçılara təqdim olunub. Təqdimat forum iştirakçılarının marağı ilə qarşılanıb və təşəbbüs xaricdə yaşayan azərbaycanlı gənclər arasında əlaqələrin möhkəmləndirilməsi, yeni əməkdaşlıq imkanlarının yaradılması və icma quruculuğunun təşviqi baxımından əhəmiyyətli layihə kimi qiymətləndirilib.
Komanda ilkin mərhələdə fəaliyyətini ABŞ-də yaşayan azərbaycanlı gənclər üzərində fokuslasa da, gələcək mərhələdə platformanın dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları əhatə etməsi nəzərdə tutulur. Hazırda komandanın genişləndirilməsi, əlavə maliyyə resurslarının cəlb olunması və platformanın texnoloji imkanlarının inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Komandanın bildirdiyinə görə, platformanın gələcək inkişaf strategiyası çərçivəsində mentorluq proqramlarının yaradılması, tələbə və məzun şəbəkələrinin formalaşdırılması, təqaüd və karyera imkanları üzrə xüsusi bölmələrin istifadəyə verilməsi, eləcə də diaspor təşkilatları ilə əməkdaşlıq mexanizmlərinin qurulması planlaşdırılır.
Təsisçilər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri platformaya qoşulmağa, qlobal azərbaycanlı şəbəkəsinin genişlənməsinə töhfə verməyə və peşəkar, akademik və sosial əlaqələrin inkişafında fəal iştirak etməyə çağırırlar.
Platformaya www.bizimcircle.com saytına daxil olaraq qoşulmaq mümkündür.
Foto qalereya
Digər xəbərlər
