Bişkekdə Azərbaycan dili və ədəbiyyatına həsr olunan konfrans keçirilib
13 oktyabr, 2026
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən Yusif Balasaqunlu adına Qırğız Milli Universitetində “Türk dünyasında Azərbaycan dili və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Universitetin və Birinci Bakı Türkoloji Qurultayının 100 illik yubileylərinə həsr olunan tədbir Yusif Balasaqunlu adına Qırğız Milli Universiteti, Qırğızıstan Azərbaycanlılarının “Birlik” İctimai Birliyi və Azərbaycanda fəaliyyət göstərən Xəzər Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Türkmənistandan olan alimlər, tədqiqatçılar, pedaqoqlar və akademik ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Müzakirələrdə Azərbaycan dili və ədəbiyyatının öyrənilməsi, ortaq mədəni irsin qorunması və elmi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin Türk dilləri, yazı sistemləri və mədəniyyətinin tədqiqi tarixində ən mühüm hadisələrdən biri olan 1926-cı il Birinci Bakı Türkoloji Qurultayının tarixi əhəmiyyəti vurğulanıb. “Birlik” İctimai Birliyinin Qırğızıstanda Azərbaycan dilinin və mədəni irsinin qorunması, iki ölkə arasında əlaqələrin inkişafı istiqamətində fəaliyyəti qeyd olunub.
Konfransın Azərbaycan və Qırğızıstan arasında humanitar əməkdaşlığın, eləcə də türk xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verdiyi bildirilib.
Foto qalereya
Digər xəbərlər
