Azərbaycan-Amerika Gənclər Federasiyasının üzvlərinin görüşü keçirilib
13 oktyabr, 2026
ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən Azərbaycan-Amerika Gənclər Federasiyasının üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə Federasiyaya yeni qoşulan tələbələr və əvvəlki proqram və tədbirlərdə iştirak edən gənclər də daxil olmaqla, 40-a yaxın soydaşımız iştirak edib.
Görüşün əsas məqsədi ABŞ-də yaşayan azərbaycanlı gənclərin əlaqələrini möhkəmləndirmək, onların qarşılıqlı ünsiyyətini və əməkdaşlığını inkişaf etdirmək, eləcə də ortaq təşəbbüslər ətrafında birləşmələrinə şərait yaratmaq olub.
Tədbirdə iştirakçılara Federasiyanın fəaliyyəti, əsas məqsədləri və həyata keçirdiyi layihələr barədə geniş məlumat verilib. Həmçinin əvvəlki dövrlərdə təşkil olunan tədbirlər və reallaşdırılan layihələr haqqında təqdimat nümayiş etdirilib.
Daha sonra iştirakçılar özlərini təqdim edərək təhsil aldıqları sahələr, fəaliyyət istiqamətləri və maraqları barədə danışıblar. Gənclər arasında yeni əlaqələrin qurulması, mövcud münasibətlərin möhkəmləndirilməsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Görüş yeni üzvlərin Federasiyanın digər iştirakçıları ilə yaxından tanışlığına, ortaq maraqların müəyyənləşdirilməsinə və gələcək əməkdaşlıq üçün zəmin yaradılmasına töhfə verib.
Səmimi ünsiyyət və fikir mübadiləsi şəraitində keçən görüş maraqlı və informativ müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, 2023-cü ildə təsis edilən Azərbaycan-Amerika Gənclər Federasiyası azərbaycanlı gənclərin əlaqələrinin genişləndirilməsi, milli-mədəni dəyərlərin və azərbaycançılıq ideologiyasının təbliği, soydaşlarımızın vahid icma ətrafında birləşməsi və diaspor fəaliyyətində aktiv iştirakının təşviqi istiqamətində fəaliyyət göstərir.
Foto qalereya
Digər xəbərlər
