“Bir arada olmaq sevincdir”
7 avqust, 2026
“Şəhərsalma və Memarlıq İli”nə həsr olunan və “Dirçələn şəhərlər” şüarı altında keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının üzvləri ilə düşərgə iştirakçılarının görüşü keçirilib. Görüş “Bir arada olmaq sevincdir” mövzusuna həsr olunub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının şöbə müdiri Şahin Camalovun moderatorluğu ilə keçirilən görüşdə ADG-nin İtaliya üzrə koordinatoru Toğrul Əliyev, Qazaxıstan üzrə koordinatoru Zəka Zəkiyev, İsveç üzrə koordinatoru Məsumə Rüstəmli, Çexiya üzrə koordinatoru Elvin Novruzov və Rusiya Federasiyası üzrə koordinatoru Ayna Kərimova iştirak edib.
Görüşdə Azərbaycan diaspor gənclərinin təşkilatlanmasının əhəmiyyətindən, ADG-nin yaranma məqsədlərindən və platformanın xaricdə yaşayan azərbaycanlı gənclər arasında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfədən bəhs edilib. Bildirilib ki, ADG müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında birləşdirərək onların əlaqələrinin möhkəmləndirilməsinə, yeni təşəbbüslərin reallaşdırılmasına və birgə layihələrin həyata keçirilməsinə imkan yaradır.
Gəncləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb, onların təklif və fikirləri dinlənilib, müxtəlif ölkələrdə qazanılan təcrübələr diqqətə çatdırılıb.
Görüşün təşkilində “Kontakt Home” mağazalar şəbəkəsi dəstək göstərib.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin Vll Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şərqi Zəngəzurda keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
