Bəstəkar Xədicə Zeynalova beynəlxalq konfransda iştirak edib
6 oktyabr, 2026
Almaniyada yaşayan azərbaycanlı bəstəkar, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Zeynalova Leypsiq şəhərində keçirilən “chor.com 2026” adlı beynəlxalq musiqi konfransında iştirak edib.
Konfrans çərçivəsində iştirakçıların peşəkar bilik və təcrübələrini zənginləşdirən müxtəlif seminarlar, təlimlər və ustad dərsləri təşkil olunur, sərgi və konsert proqramları keçirilir.
Soydaşımız konfransda təşkil olunan “Interkulturelle Brückenbauerinnen – Mədəniyyətlərarası körpülər quran qadınlar” adlı xüsusi təlimdə çıxış edib. O, öz yaradıcılıq və peşəkar təcrübəsini iştirakçılarla bölüşüb, Azərbaycanın zəngin musiqi mədəniyyətindən, bəstəkarlıq fəaliyyətindən və uzun illərdir həyata keçirdiyi mədəniyyətlərarası layihələrdən bəhs edib. Avropanın ən böyük musiqi konfranslarından birində azərbaycanlı bəstəkar və musiqişünas kimi çıxış etməkdən qürur duyduğunu söyləyib.
Qeyd edək ki, Xədicə Zeynalova Bakı Musiqi Akademiyasının, eləcə də Detmold Musiqi Akademiyası və Paderborn Universitetinin məzunudur. Almaniyada beynəlmiləl tərkibli “Bridge of Sound” orkestrinin və “Harmony of Sound” beynəlxalq musiqi festivalının təsisçisi və bədii rəhbəri kimi Azərbaycanın zəngin musiqi irsini xaricdə uğurla təbliğ edir. 2024-cü ildə Almaniyada “İlin ən yaxşı bəstəkarı” adına və “Artist in Residence” nominasiyasına layiq görülən ilk azərbaycanlı bəstəkardır. O, xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Prezident İlham Əliyevin 07 yanvar 2026-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 45-dən çox elmi kitab, məqalə və dərsliyin müəllifidir. Əsərləri Almaniya, Hollandiya, İngiltərə, Azərbaycan, Yaponiya, Türkiyə və digər ölkələrdə nəşr olunub.
Foto qalereya
Digər xəbərlər
