Benilüks azərbaycanlılarından sülhə kölgə salan qətnamələrə etiraz
4 may, 2026
Benilüks Azərbaycanlılarının Koordinasiya Şurası Niderland və Belçika parlamentlərinin nümayəndələr palatalarının Azərbaycan əleyhinə qəbul etdiyi qərəzli və əsassız qətnamələrə etiraz olaraq bəyanat yayıb.
Bəyanatda vurğulanıb ki, həmin qətnamələrdə Azərbaycan ilə Ermənistan arasında keçmişdə mövcud olan münaqişənin tarixi, nəticələri təhrif edilir, beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozulur. Azərbaycan və Ermənistan arasında sülhə doğru addımların atıldığı bir vaxtda qəbul edilən bu cür sənədlər regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına zərbə vurur.
Koordinasiya Şurası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları daha balanslı, ədalətli və qərəzsiz mövqe sərgiləməyə, davamlı sülh və sabitliyə töhfə verən addımlar atmağa çağırıb. Eyni zamanda sülhün möhkəmləndirilməsi səylərinə zərbə vuran hərəkətlərə son qoyulmasını tələb edib.
Məlumat üçün bildirək ki, Niderland Nümayəndələr Palatası 2026-cı il aprelin 16-da Azərbaycana qarşı cinayətlər törətməkdə təqsirli bilinən erməni terrorçularının həbsi ilə bağlı əsassız ittihamlar və qondarma erməni soyqırımının tanınmasına dair sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin Nümayəndələr Palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini təsdiqləyib.
Digər xəbərlər
