Belqradda Azərbaycan və serb musiqiçilərinin ifaları zövq oxşayıb
20 iyun, 2026
Serbiya Respublikasının paytaxtı Belqradda Azərbaycan icması ilə keçirilən görüş bədii hissə ilə davam edib.
Musiqili proqramda Belqrad Milli Opera Teatrının ilk qadın sopranosu, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Türkiyənin Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun iştirakçısı Jasmina Trumbetaş, fortepiano ifaçısı Mina Ristiç Yoniç və skripkaçı Katarina Nenadoviç birgə səhnə alaraq, Azərbaycanın musiqi xəzinəsindən seçilmiş parçalar səsləndiriblər. Onların ifasında Müslüm Maqomayevin “Ey əziz anam” əsəri, Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Nigarın ariyası, Niyazinin “Arzu” mahnısı, eləcə də Cövdət Hacıyevin fortepiano üçün yazılan balladası dinləyicilərdə zəngin emosional təəssürat yaradıb və xüsusi rəğbətlə qarşılanıb.
Milli musiqimizin ən incə və sevilən nümunələrindən biri olan “Sarı gəlin” xalq mahnısının ifası tədbirin ən təsirli və yadda qalan anlarından olub. Stanislav Biniçki adına Musiqi Məktəbinin fortepiano şöbəsinin 3-cü sinif şagirdi Amin Səadətovun çıxışı isə böyük maraq izlənilib.
Qeyd edək ki, son illər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur. Belqradda Serbiyada yaşayan soydaşlarımızla keçirilən görüş də bu baxımdan xüsusi əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
