Bahçeşehir Kıbrıs Universitetinin rektoru Dövlət Komitəsində olub

5 iyul, 2024

Bahçeşehir Kıbrıs Universitetinin rektoru Dövlət Komitəsində olub

Bahçeşehir Kıbrıs Universitetinin rektoru Mehmet Toycan və onu müşayiət edən şəxslər Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) olub.

Komitənin Aparatının rəhbəri vəzifəsini icra edən Aparatın rəhbərinin müavini Adil Hüseynov qonağa DİDK-nın fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verib. Komitənin təkcə xaricdə yaşayan azərbaycanlılarla deyil, eyni  zamanda Azərbaycana dost münasibəti bəsləyən ölkələrlə də iş apardığını bildirən Adil Hüseynov Şimali Kipr Türk Cümhuriyyətindəki Azərbaycan diasporunun fəaliyyətinin iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsində mühüm rol oynadığını qeyd edib.

Səmimi qəbula görə təşəkkür edən Prof. Dr. Mehmet Toycan Azərbaycan-Şimali Kipr əlaqələrinin artan xətt üzrə inkişaf etməsindən məmnunluq duyduğunu deyib, Bahçeşehir Kıbrıs Universitetinin qapılarının azərbaycanlı tələbələrin, xüsusən şəhid və qazi ailələrinin övladları üçün hər zaman açıq olduğunu bildirib. Eyni zamanda universitet kitabxanasının Azərbaycan haqqında kitablarla zənginləşdirilməsi üçün Komitənin dəstəyinə ümid etdiyini söyləyib, ən yaxın zamanlarda Girne şəhərindəki Azərbaycan Evini ziyarət edəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov da iştirak edib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər