Azərbaycanlı uşaqlar Finlandiyada “Arşın mal alan”ı nümayiş etdiriblər
27 iyul, 2026
Finlandiyanın Espoo və Helsinki şəhərlərində dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz “Arşın mal alan” operettası əsasında hazırlanan tamaşa nümayiş etdirilib. Tamaşa Azərbaycanın 4–12 yaşlı uşaqlarından ibarət “Nağılçı” Uşaq Yaradıcılıq Atelyesinin gənc üzvlərinin təqdimatında baş tutub.
Helsinki Azərbaycan Evinin və “Nağılçı” Yaradıcılıq Atelyesinin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin əsas məqsədi Azərbaycan mədəniyyətinin, milli teatr irsinin və ana dilinin Finlandiyada tanıdılması, uşaqların beynəlxalq səhnə təcrübəsi qazanması, eləcə də Azərbaycan ilə Finlandiya arasında mədəni əməkdaşlığın inkişafına töhfə vermək olub.
Espoo şəhərində yerləşən Lippulaiva Kitabxanasının tədbir zalında Azərbaycan və ingilis dillərində nümayiş olunan tamaşanı 100-dən çox qonaq böyük maraqla izləyib və rəğbətlə qarşılanıb.
Daha sonra tamaşa Helsinkidə yerləşən Azərbaycan Evində göstərilib. Tədbirin sonunda iştirakçı uşaqlar sertifikatlar və hədiyyələrlə mükafatlandırılıb. Qonaqlar gənc istedadların səhnə mədəniyyətini, aktyorluq bacarığını və peşəkar çıxışını yüksək qiymətləndiriblər.
Tamaşalardan əldə olunan bilet gəlirlərinin 10 faizi Azərbaycanın ucqar kəndlərində yaşayan uşaqların yaradıcılıq bacarıqlarının inkişafına yönəldilib.
Layihənin müəllifi və “Nağılçı” Yaradıcılıq Atelyesinin təsisçisi Günel İsmayılova bildirib ki, tamaşa uşaqların yaradıcılığını inkişaf etdirir, dünyagörüşünü genişləndirir və onların mədəni dəyərlərə marağını artırır.
Məlumat üçün bildirək ki, “Nağılçı” Yaradıcılıq Atelyesi 4–12 yaşlı uşaqların yaradıcılıq potensialının inkişaf etdirilməsi, səhnə bacarıqlarının formalaşdırılması, xarici dil biliklərinin artırılması və inklüziv yaradıcılıq mühitinin təşviqi istiqamətində fəaliyyət göstərən sosial layihədir.
Foto qalereya
Digər xəbərlər
