Azərbaycanlı alim Almaniyada professor adını qazanıb
23 oktyabr, 2026
Azərbaycanlı alim, tədqiqatçı Nicat Mehdiyev Almaniyanın Leypsiq Universitetində informasiya sistemləri, xüsusilə intellektual informasiya sistemləri və prosesləri sahəsində icraedici professor olaraq fəaliyyətə başlayıb.
O, professorluq fəaliyyəti ilə yanaşı, Almaniya Süni İntellekt Tədqiqat Mərkəzinin (DFKI) İnformasiya Sistemləri İnstitutunda şöbə meneceri və aparıcı elmi işçi vəzifələrini də davam etdirir. DFKI dünyanın ən böyük qeyri-kommersiya süni intellekt tədqiqat mərkəzlərindən biri hesab olunur. Universitetin İqtisad Elmləri Fakültəsinin rəhbərliyi soydaşımızın kollektivə qoşulmasından məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Nicat Mehdiyev bakalavr təhsilini Zigen Universitetində informasiya sistemləri ixtisası üzrə alıb. Təhsilinin son iki semestrini həmin universitetin təqaüdü ilə ABŞ-nin Oklahoma ştatında yerləşən Tulsa Universitetində keçirib. Daha sonra Münhen Texniki Universiteti və Auqsburq Universitetinin birgə həyata keçirdiyi “Finance and Information Management” magistr proqramını fərqlənmə ilə bitirib. Saarland Universitetində “Proseslərin proqnostik təhlili üçün izah edilə bilən süni intellekt: konseptual çərçivə, metodlar və tətbiqlər” mövzusunda doktorluq dissertasiyasını ən yüksək qiymətlə müdafiə edib. O, Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin II və III Forumlarında süni intellekt mövzusunda təqdimatla çıxış edib, həmçinin panel müzakirəsinin moderatoru olub.
Digər xəbərlər
