“Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusu diaspor gənclərində böyük maraq yaradıb

7 avqust, 2026

“Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusu diaspor gənclərində böyük maraq yaradıb

“Dirçələn şəhərlər” şüarı altında Şərqi Zəngəzurda keçirilən Diaspor Gənclərinin VII Yay Düşərgəsində “Azərbaycanın xarici siyasəti və ictimai diplomatiya” mövzusunda panel müzakirəsi böyük maraqla qarşılanıb.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyovun moderatorluğu ilə keçirilən paneldə Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev və Azərbaycan Respublikasının Albaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov iştirak edib.

Müzakirələr zamanı Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin əsas prioritetləri, ölkəmizin regional və qlobal proseslərdə artan rolu, beynəlxalq münasibətlər sistemində mövqeyinin daha da möhkəmləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, ictimai diplomatiyanın müasir beynəlxalq münasibətlərdə əhəmiyyəti, diasporun Azərbaycanın milli maraqlarının və həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında rolu, xaricdə yaşayan azərbaycanlıların ölkəmizin beynəlxalq nüfuzunun gücləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub. Gənclərə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində praktiki tövsiyələr verilib.

Gənclərin Qarabağın işğaldan azad olunmasından sonra Azərbaycanın diplomatik fəaliyyətində hansı dəyişikliklərin baş verdiyinə dair sualını cavablandıran səfirlər tarixi Zəfərin onların diplomatik fəaliyyətinin gündəliyində yeni istiqamətlər müəyyənləşdirdiyini bildiriblər.

Diplomatlar müxtəlif ölkələrdən gələn azərbaycanlı və xarici gənclərin çoxistiqamətli suallarını ustalıqla cavablandırıblar.

Düşərgə iştirakçıları bu cür tarixi və siyasi əhəmiyyət daşıyan görüşlərin onlarda ölkəmizin xarici siyasətinin prioritetləri ilə bağlı dolğun məlumat bazasının yaratdığını vurğulayıblar.

Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edəcək Diaspor Gənclərinin Vll Yay Düşərgəsi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şərqi Zəngəzurda keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər