Azərbaycanın milli-mədəni irsi Norveç festivallarına xüsusi rəng qatıb

31 avqust, 2026

Azərbaycanın milli-mədəni irsi Norveç festivallarına xüsusi rəng qatıb

Azərbaycanın zəngin mədəni irsi, musiqisi, rəqsləri, mətbəxi və adət-ənənələri Norveçdə keçirilən müxtəlif mədəniyyət festivallarında nümayiş olunub.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Oslo Azərbaycan Evi və Norveç-Azərbaycan Gənclər Təşkilatının (NAYO) təşkilatçılığı ilə paytaxt Osloda “Qafqaz mədəniyyəti - 2026” adlı festival keçirilib.

Azərbaycan və Qafqaz xalqlarının mədəni müxtəlifliyinin nümayiş etdirildiyi festivalda  soydaşlarımızla yanaşı, müxtəlif icmaların nümayəndələri və yerli ictimaiyyətin üzvləri iştirak edib. Festivala Azərbaycandan dəvət olunan Ritm Rəqs Qrupunun rəqqaslarının ifaları böyük maraqla qarşılanıb, iştirakçılarda unudulmaz anlar yaşadıb.

Drezden Simfonik Orkestrinin solisti, Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseynin Azərbaycan milli musiqilərini səsləndirməsi festivalın bədii proqramına rəng qatıb. Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbinin şagirdlərinin Vətənə və sülhə həsr etdikləri mahnılar, şagird Səlim Abbaszadənin milli dəyərlərimizi əks etdirən rəsmləri xüsusi marağa səbəb olub.

Festivalda Azərbaycanın dövlət rəmzlərindən, kəlağayı nümunələrindən, milli atributlardan və digər müxtəlif eksponatlardan ibarət sərgi də təşkil olunub. Sərgi festival iştirakçılarına Azərbaycan xalqının zəngin mədəni irsi ilə daha yaxından tanış olmaq imkanı yaradıb.

Osloda Azərbaycanın milli-mədəni irsinin tanıdıldığı digər bir tədbir müxtəlif xalqların mədəniyyətini, musiqisini və adət-ənənələrini bir araya gətirən ERAS Festivalı olub.

Festivalda Ritm Rəqs Qrupunun təqdimatında milli rəqslərimiz sürəkli alqışlarla qarşılanıb. Kamança ifaçısı Şəbnəm Hüseynin ifasında Azərbaycan milli musiqilərinin səsləndirilməsi isə çıxışın bədii təsir gücünü zənginləşdirib.

Musiqi və rəqs proqramının ardınca Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev iştirakçılara Azərbaycan musiqisi və mədəniyyəti haqqında geniş məlumat verib. O, qonaqları Azərbaycana gələrək ölkənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmağa dəvət edib.

Norveçdə Azərbaycan mədəniyyətinin təqdimatı “Dünyanın uşaqları” adlı mədəniyyət festivalı ilə davam edib.

Norveç-Azərbaycan Gənclər Təşkilatının (NAYO) iştirak etdiyi festivalda Azərbaycanın zəngin mədəni irsi, milli musiqisi və rəqsləri haqqında geniş məlumat verilib. Bu məlumatlar iştirakçılarda ölkəmiz haqqında dolğun və müsbət təəssürat formalaşdırıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Oslo Azərbaycan Evinin dəvəti ilə festivalda iştirak edən Ritm Rəqs Qrupunun rəngarəng ifaları tədbirin unudulmaz anlarından sayılıb.

Ümumilikdə, Norveçdə keçirilən festivallar Azərbaycan mədəniyyətinin beynəlxalq müstəvidə təbliği üçün mühüm platformaya çevrilib. Milli rəqs və musiqi nümunələrinin, mətbəxin, milli atributların və ənənələrin təqdim olunması Azərbaycanı fərqli xalqların nümayəndələrinə daha yaxından tanıtmağa imkan yaradıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər