Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında təmsil olunub

10 sentyabr, 2026

Azərbaycan VI Ümumdünya Köçəri Oyunlarında təmsil olunub

Qırğızıstanda VI Ümumdünya Köçəri Oyunları keçirilib. Turnirin açılış mərasimi paytaxt Bişkekdə, əsas yarışlar isə İssık-Kul vilayətində baş tutub.

106 ölkədən 3 minə yaxın idmançının qatıldığı yarışlar Ümumdünya Köçəri Oyunlarının tarixində ən yüksək iştirak göstəricisi ilə yadda qalıb. Turnirdə ilk dəfə Avstraliya, Yeni Zelandiya, Əlcəzair, Burundi, Qambiya, İordaniya, Misir, Kabo-Verde, Kot-d'İvuar, Oman, Uqanda, Efiopiya və Şimali Makedoniyanın nümayəndələri də iştirak ediblər.

Yarış proqramında ənənəvi atçılıq və milli güləş növləri, oxatma, intellektual oyunlar və digər idman növləri yer alıb. Oyunlarla paralel olaraq etno-festivallar, konsert proqramları, sənətkarlıq yarmarkaları və müxtəlif mədəni tədbirlər təşkil olunub.

Tədbirlərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Rəşad Məmmədov, Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin əməkdaşı Dilşod Mirzayev, Rusiya Federasiyasının Dünya Xalqları Assambleyasının baş katibi Andrey Belyaninov, həmçinin müxtəlif diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Oyunlar çərçivəsində Qırğızıstanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, həyat tərzinin və adət-ənənələrinin əks olunduğu “Dostuk Ordo” etno-zonasının açılışı keçirilib. Açılış mərasimində Qırğızıstan Xalqı Assambleyasının sədri Meder Raxman, eləcə də etnik ictimai birliklərin nümayəndələri iştirak ediblər.

Qırğızıstan Respublikasındakı Azərbaycanlıların “Birlik” İctimai Birliyi də oyunlar çərçivəsində keçirilən tədbirlərdə fəallıq göstərib. Təşkilat “Dostuk Ordo” etno-zonasındakı təqdimat zamanı Azərbaycanın zəngin mədəni irsini, milli adət-ənənələrini və dəyərlərini nümayiş etdirib. Birliyin sədri Xansıvar Baxşəliyev VI Ümumdünya Köçəri Oyunlarının müxtəlif xalqların mədəni irsinin tanıdılması, dostluq və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlıq və mədəni dialoqun inkişaf etdirilməsi baxımından əhəmiyyətli platformaya çevrildiyini diqqətə çatdırıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər