Azərbaycan əsilli cüdoçular Kanadaya medallar qazandırıb
16 iyun, 2026
Kanadanın cüdo üzrə kadetlərdən ibarət milli komandası Ekvadorun Quayakil şəhərində keçirilən Panamerika çempionatında iştirak edib. Komandanın 19 nəfərdən ibarət heyətində Azərbaycan əsilli üç idmançı da yer alıb.
Alberta əyalətinin Kalqari şəhərində yaşayan soydaşımız Emiliya Əliyeva 78 kq çəki dərəcəsində həm kadet U18, həm də gənclər U21 yaş qruplarında mübarizə aparıb. O, hər iki yaş qrupunda bürünc medal qazanaraq iki dəfə fəxri kürsüyə yüksəlib. Ontario əyalətinin Toronto şəhərində yaşayan idmançılarımız Cəsur Əliyev (73 kq) və Mir-Məlik İsmayılov (90 kq) yarışlarda fərqlənərək bürünc medallara layiq görülüblər.
Soydaşlarımızın yüksək texniki hazırlığı, taktiki ustalığı və əzmkar mübarizəsi mütəxəssislərin və azarkeşlərin rəğbətini qazanıb. Onların uğurları Kanadanın cüdo üzrə milli komandasının ümumi nəticələrinə mühüm töhfə verməklə yanaşı, Azərbaycan cüdo məktəbinin beynəlxalq nüfuzunu əyani şəkildə nümayiş etdirib.
Foto qalereya
Digər xəbərlər
