Azərbaycan diasporunun nümayəndələri Özbəkistanın dövlət mükafatlarına layiq görülüblər

31 avqust, 2026

Azərbaycan diasporunun nümayəndələri Özbəkistanın dövlət mükafatlarına layiq görülüblər

Özbəkistan Respublikasının dövlət müstəqilliyinin 35-ci ildönümü ərəfəsində ölkənin 558 vətəndaşı uzunillik səmərəli əməyinə, peşəkar fəaliyyətinə, ictimai fəallığına, dövlətin və cəmiyyətin inkişafına verdiyi töhfələrə görə yüksək dövlət mükafatlarına layiq görülüb.

Mükafatlandırılanlar sırasında Özbəkistanda fəaliyyət göstərən Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAzMMM), onun regional filiallarının, eləcə də Daşkənd şəhərindəki “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndələri də yer alıb.

Yüksək dövlət mükafatlarına RAzMMM-in sədri Məmmədov Mobil Yaqub oğlu, Daşkənd şəhəri “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Nikizad Həsən Hüseynoviç, RAzMMM-in Sırdərya vilayət filialının sədri Bayramov Əzizəğa Arastunoviç, RAzMMM-in Səmərqənd vilayət filialının sədri Mirzəyev Ramal Əliağa oğlu, RAzMMM-in Buxara vilayət filialının sədri Məmmədova Maral Məhəmməd qızı, həmçinin Daşkənd şəhəri “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin İdarə Heyətinin üzvü İsayeva Humay Bəhman qızı layiq görülüblər.

Azərbaycan icmasının nümayəndələri uzun illərdir Özbəkistanın ictimai və mədəni həyatında fəal iştirak edir, mədəniyyətin, adət-ənənələrin və mənəvi irsin qorunmasına mühüm töhfələr verirlər. Onların eyni zamanda, mədəniyyətlərarası dialoqun inkişafında, müxtəlif millətlərin nümayəndələri arasında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin möhkəmləndirilməsində çoxsaylı xidmətləri var.

Təltif edilən soydaşlarımız dövlət mükafatı almaqlarından qürur duyduqlarını və bu etimadın onlar üçün böyük məsuliyyət olduğunu bildiriblər. Belə yüksək qiymətin Azərbaycan diasporunun nümayəndələrini gələcəkdə də ictimai və mədəni fəaliyyətlərini daha da genişləndirməyə, yeni layihə və təşəbbüslər həyata keçirməyə ruhlandırdığını söyləyiblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər