Azərbaycan diasporunun gəncləri 31-ci AFS Gənclər Assambleyasında
13 avqust, 2026
İsveçrənin Cenevrə şəhərində keçirilən, müxtəlif ölkələrdən gəncləri bir araya gətirən 31-ci AFS (American Field Service) Gənclər Assambleyasının ilk günü uğurla başa çatıb. Assambleyada Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və Azərbaycan Diaspor Gəncləri (ADG) təşkilatının Macarıstan, Estoniya, Kanada, Finlandiya və Litvadan olan üzvləri iştirak edir.
Azərbaycan diaspor gənclərinin bu qədər geniş coğrafiyadan təmsil olunması ADG-nin qlobal gənclər şəbəkəsindəki fəallığının, eləcə də müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin artan beynəlxalq əməkdaşlıq imkanlarının bariz göstəricisidir.
Assambleyanın açılış mərasimi və tanışlıq sessiyaları çərçivəsində iştirakçılar müxtəlif ölkələrdən gələn gənc liderlərlə tanış olub, yeni əlaqələr qurub və təcrübə mübadiləsi aparıblar.
İlk günün proqramı gənclər arasında beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, mədəniyyətlərarası dialoqun dərinləşməsinə və yeni birgə təşəbbüslərin yaranmasına həsr olunub.
ADG-nin icraçı direktorunun müavini, Estoniyanı üzrə koordinatoru Nəzrin Cəfərova çıxış edərək Azərbaycan diaspor gənclərinin fəaliyyəti və gələcək təşəbbüsləri ilə bağlı fikirlərini bölüşüb.
Assambleya öz işini panel müzakirələri, tematik sessiyalar və interaktiv fəaliyyətlərlə davam etdirəcək. Sessiyalar zamanı iştirakçılar qlobal çağırışlar, gənclərin qərarvermə proseslərindəki rolu, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi kimi aktual mövzular ətrafında fikir mübadiləsi aparacaq, öz təcrübə və baxışlarını digər iştirakçılarla bölüşəcəklər.
Azərbaycan nümayəndələrinin Assambleyada fəal iştirakı ölkəmizin gənclərinin beynəlxalq platformalarda daha geniş təmsil olunmasına, yeni tərəfdaşlıqların qurulmasına və Azərbaycanın beynəlxalq gənclər şəbəkəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verir.
Qeyd edək ki, 31-ci AFS Gənclər Assambleyası gənclərin qlobal problemlərin həllində rolunun artırılması, liderlik bacarıqlarının inkişaf etdirilməsi, dayanıqlı inkişaf məqsədləri, beynəlxalq əməkdaşlıq və innovativ yanaşmaların təşviqi istiqamətində dünyanın aparıcı gənclər platformalarından biri hesab olunur.
Foto qalereya
Digər xəbərlər
