Azərbaycan diasporu İsveçin Milli Bayramını qeyd edib
10 iyun, 2026
Stokholmda fəaliyyət göstərən İsveç-Azərbaycan Birliyi (SAF) və Qarabağ həftəsonu məktəbinin birgə təşkilatçılığı ilə İsveçin Milli Bayramı münasibətilə tədbir keçirilib.
Tədbirdə Azərbaycan icmasının üzvləri, Azərbaycan Respublikasının İsveç Krallığındakı Səfirliyinin əməkdaşı, ictimai fəallar, “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdləri və onların valideynləri iştirak edib.
Azərbaycan diasporunun nümayəndələri – Sevda Dadaşova, Eluca Atalı, Aynur Məlikova, Nərminə Kərimova, Babək Azad, Taymaz Təbrizli, Ayda Amir Haşimi, Emir Efendi, Ruhiyə İsazadə və Nadir Hollenbrand İsveç xalqını bu əlamətdar gün münasibətilə təbrik ediblər. İsveçin demokratiya, insan hüquqları, bərabərlik və multikulturalizm prinsiplərinə sadiqliyini yüksək qiymətləndirdiklərini bildiriblər.
Çıxışlarda, həmçinin İsveçdə yaşayan azərbaycanlıların cəmiyyətə uğurlu inteqrasiyası, ölkənin sosial, ictimai və mədəni həyatında fəal iştirakı, həmçinin Azərbaycan mədəniyyətinin, dili və milli-mənəvi dəyərlərinin gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə fikirlərin səsləndirilib. Diaspor fəaliyyətinin iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığı diqqətə çatdırılıb.
Tədbirdə “Qarabağ” Azərbaycan həftəsonu məktəbinin şagirdlərinin Azərbaycan milli-mədəni irsinin İsveç cəmiyyətinə tanıdılması, dilimizin və mədəniyyətimizin yaşadılması və yeni nəslə ötürülməsi istiqamətində fəaliyyəti təqdirəlayiq hesab edilib.
Səmimi və dostluq şəraitində keçən tədbir iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi, tanışlıq və ünsiyyət imkanları yaradıb.
Digər xəbərlər
