Azərbaycan Moskvada keçirilən beynəlxalq gənclər forumunda təmsil olunub

25 oktyabr, 2023

Azərbaycan Moskvada keçirilən beynəlxalq gənclər forumunda təmsil olunub

Rusiya paytaxtında yerləşən Moskva Dövlət Linqvistika Universitetində (MDLU) “Xalqlar Dostluğu” III beynəlxalq gənclər forumu keçirilib.

MDLU-nun, Özbəkistanın Rusiyadakı Dünya Gənclər Assosiasiyasının və Rusiyadakı Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan diaspor təşkilatlarının birgə təşkilatçılığı ilə baş tutan forumda politoloqlar, jurnalistlər və ekspertlər iştirak ediblər.

Forumun plenar iclasında çıxış edən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədr müavini Həşim Əliyev tədbir iştirakçılarını salamlayıb. Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini xatırladan sədr müavini xalqımızın ulu öndərinin azərbaycanlı gənclərin mükəmməl təhsil alması və peşəkar mütəxəssis kimi yetişməsi naminə həyata keçirdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verib. Rusiya universitetlərində MDB ölkələrindən olan əcnəbi tələbələrə dövlət büdcəsi hesabına təhsil almaq imkanının yaradıldığı vurğulanıb, innovasiya texnologiyaları üzrə öncül elmi məktəblərin aparıcı alimlərinin, müəllimlərinin və mütəxəssislərinin bütün təcrübəsinin öyrənilməsinə çağırış edib.

Forum iştirakçılarına “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənovun müraciəti oxunub.

Tədbirin bədii hissəsində tələbələrin ifasında Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistanın mahnı və rəqsləri təqdim olunub. Forum çərçivəsində bu ölkələrin milli-mədəni irsini, adət-ənənələrini və mətbəxini əks etdirən sərgi nümayiş etdirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər