Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu arasında memorandum imzalanıb – Azərbaycanlı alimlər necə tanıdılacaq?

21 sentyabr, 2026

Dünya Azərbaycanlı Alimlər Birliyi ilə AzEdu arasında memorandum imzalanıb – Azərbaycanlı alimlər necə tanıdılacaq?

Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) ilə AzEdu Təhsil Platforması arasında xaricdə yaşayan azərbaycanlı alimlərin elmi fəaliyyətinin və nailiyyətlərinin Azərbaycan ictimaiyyətinə tanıdılması məqsədilə anlaşma memorandumu imzalanıb.

Memorandum əməkdaşlığın təşkili və qarşılıqlı fəaliyyətin əsas prinsiplərinin müəyyənləşdirilməsini nəzərdə tutur. Sənədə əsasən, tərəflər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlı alimlərin elmi nailiyyətləri, peşəkar təcrübələri və beynəlxalq akademik mühitdə qazandıqları uğurlar barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində birgə layihə həyata keçirəcəklər.

Layihənin əsas məqsədi xaricdə yaşayan azərbaycanlı alimlərin fəaliyyətini daha geniş auditoriyaya tanıtmaq, onların elmi araşdırmaları və əldə etdikləri nəticələr barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

Layihə çərçivəsində müxtəlif ölkələrdə fəaliyyət göstərən və DAAB-nin üzvü olan azərbaycanlı alimlərlə silsilə müsahibələr hazırlanacaq və ayda iki dəfə AzEdu-nun rəqəmsal platformalarında və sosial media resurslarında yayımlanacaq. Materiallarda alimlərin elmi fəaliyyəti, apardıqları tədqiqatlar, iştirak etdikləri layihələr, qazandıqları nailiyyətlər, eləcə də elm və təhsil sahəsində aktual məsələlərlə bağlı fikirləri əks olunacaq.

Eyni zamanda, hazırlanacaq materiallar əsasən süni intellekt və informasiya texnologiyaları, tibb və biotexnologiya, mühəndislik və tətbiqi elmlər, energetika və ətraf mühit elmləri, riyaziyyat və fundamental elmlər, təhsil və təhsil texnologiyaları, iqtisadiyyat və idarəetmə, sosial və humanitar elm sahələrini əhatə edəcək.

Layihənin əsas formatı yazılı müsahibələr olacaq. Bu format alimlərin fikirlərinin daha ətraflı və sistemli şəkildə təqdim edilməsinə, onların elmi fəaliyyətinin geniş auditoriyaya çatdırılmasına, həmçinin materialların uzunmüddətli istinad mənbəyi kimi istifadəsinə imkan verəcək.

Layihənin ərsəyə gəlməsinin əsas təşəbbüskarlarından biri Almaniyada yaşayan dünyaşöhrətli  riyaziyyatçı alim, Dünya Azərbaycanlı Alimlər Birliyinin sədri, Münhendəki Helmholtz Mərkəzinin professoru, “Humboldt” mükafatına layiq görülmüş ilk azərbaycanlı, Əməkdar elm xadimi və Kanadanın Fields İnstitutunun ömürlük mükafatçısı Məsud Əfəndiyev, ideya müəllifi isə AzEdu MMC-nin təsisçisi Elşad Eyvazlıdır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər