Soydaşımızın “Circus” əsəri Vaşinqton ştatında ilk dəfə səsləndirilib
25 noyabr, 2026
ABŞ-nin Vaşinqton ştatında azərbaycanəsilli bəstəkar Eldar Xudiyevin “Circus” əsərinin ilk ifası baş tutub. Əsər Sietl Festival Orkestrinin 50 illik yubileyinin açılış konserti çərçivəsində təqdim olunub.
Yubiley konsertinin proqramında xüsusi yer tutan “Circus” əsərinin orkestrasiya işini tanınmış bəstəkar və dirijor Fərhad Xudiyev həyata keçirib. Əsərdə solo klarnetin ifadəli musiqi dili orkestrin zəngin səslənməsi ilə birləşdirilib. Müəllif uşaqlıq illərində Aşqabadda izlədiyi sirk tamaşalarından aldığı təəssüratları dinamik və teatrallıqla zəngin musiqi dili vasitəsilə canlandırıb.
Azərbaycan musiqisinin ABŞ-də təbliğinə töhfə verən bəstəkar və pedaqoq Eldar Xudiyev müasir musiqidə orkestr rəngarəngliyi, ritmik dinamizm və müxtəlif üslubların sintezi ilə seçilir. Onun yaradıcılığında “Circus”, eləcə də “Azərbaycan”, “Odlar yurduna səyahət”, “Arzular”, “Payız valsı” və “Asiya” kimi əsərlər mühüm yer tutur.
Əsərin Vaşinqton ştatında ilk dəfə səsləndirilməsi Eldar Xudiyevin yaradıcılığının ABŞ səhnəsində daha geniş auditoriyaya təqdim olunması, eyni zamanda Azərbaycan bəstəkarlıq məktəbinin beynəlxalq miqyasda tanıdılması baxımından əlamətdar hadisə kimi qiymətləndirilir.
Digər xəbərlər
