Ştutqartda Musa Mirzəyevin xatirəsinə həsr olunan konsert keçirilib
25 noyabr, 2026
Almaniyanın Ştutqart şəhərində tarixi “Haus der Musik im Fruchtkasten” konsert zalında görkəmli Azərbaycan bəstəkarı, “Şərəf” və “Şöhrət” ordenli Xalq artisti, professor mərhum Musa Mirzəyevin xatirəsinə həsr olunan konsert keçirilib.
Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “VON MAI” fondu və Ştutqart Azərbaycan Evinin təşkilatçılığı ilə, İtaliyanın Focca şəhərində fəaliyyət göstərən “Umberto Giordano” Musiqi Konservatoriyası ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirin tərəfdaşları sırasında “ARCES e.V.” Tədqiqat, Mədəniyyət, Təhsil və Sosial İnkişaf Assosiasiyası və Ştutqart şəhəri də yer alıb.
Tədbirdə Xorvatiya Respublikasının Ştutqartdakı vitse-konsulu Martina Bertic Roncevic və Türkiyə Respublikasının Ştutqartdakı konsulu Gülay Eroğlu Erdoğdu, İtaliya Konsulluğunun nümayəndələri, eləcə də müxtəlif ölkələrin ictimaiyyət nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri, musiqi və mədəniyyət xadimləri iştirak ediblər.
Ştutqart Azərbaycan Evinin və Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü bəstəkar və musiqişünas Günay Mirzəyeva açılış nitqi ilə çıxış edib. O, qonaqları səmimi salamlayaraq, görkəmli bəstəkar Musa Mirzəyevin Azərbaycanın musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərindən və onun zəngin yaradıcılıq irsinin beynəlxalq səviyyədə tanıdılmasının önəmindən danışıb.
Gecədə “Haus der Musik im Fruchtkasten”in direktoru Miriam Hertfeldt belə əlamətdar musiqi tədbirinə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu bildirib, konsertin bu tarixi mədəniyyət məkanında keçirilməsini xüsusi hadisə kimi qiymətləndirib.
Dirijor Nikola Maraskonun rəhbərliyi ilə “Apulia Brass Ensemble” ansamblının ifaları gecəyə xüsusi bədii məzmun və beynəlxalq xarakter qazandırıb.
Tədbirin sonunda Günay Mirzəyeva Azərbaycan diasporunun inkişafına, milli kimliyimizin qorunmasına və xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsinə göstərilən diqqət və dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən olan Musa Mirzəyevin zəngin yaradıcılıq irsinə həsr olunan tədbir milli musiqimizin beynəlxalq səviyyədə təbliği, eləcə də Azərbaycan, İtaliya və Almaniya arasında mədəni əlaqələrin inkişafı və möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Foto qalereya
Digər xəbərlər
