Avropada Novruz bayramı qeyd olunur
19 mart, 2025.jpeg)
Avropanın müxtəlif ölkələrində Novruz bayramı coşquyla qeyd olunur. Soydaşlarımız Vətəndən uzaqda milli dəyərlərimizi təbliğ edir, adət-ənənələrimizi yaşadır.
Almaniya, Belçika, Çexiya, Estoniya, Finlandiya, İsveç, Litva və Norveçdə təşkil edilən bayram tədbirlərinə həmin ölkələrdə yaşayan, təhsil alan soydaşlarımız, Azərbaycana dost icmaların və yerli ictimaiyyətin nümayəndələri, diplomatik korpusların təmsilçiləri qatılıb.
Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evinin təşkil etdiyi Novruz bayramı tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib. İştirakçılar Novruz bayramının adətlərinə uyğun olaraq yumurta boyayıb, toqquşdurub, şəkərbura hazırlayıblar. Bayram tədbiri müddətində milli musiqilər və rəqslər ifa edilib.
Belçikanın paytaxtı Brüsseldə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi, “Fireland” Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə “Azərbaycan mədəniyyət gecəsi – Novruz Bayramı” adlı tədbir keçirilib. Tədbirin çoxsaylı iştirakçılarına Azərbaycan mədəniyyəti, eləcə də Novruz bayramının tarixi və ənənələri haqqında geniş məlumat verilib. Bədii hissədə Cavid Səlimov, Emin Sadıqlı, Sadıq Ağamalıyevin ifaları iştirakçıların zövqünü oxşayıb. “Fireland” və “Butam” uşaq rəqs ansambllarının təqdim etdiyi maraqlı səhnəciklər və rəqslər sürəkli alqışlarla qarşılanıb. Həmçinin Üzeyir Hacıbəyovun 140 illiyi münasibətilə “Fireland” qrupunun “Arşın mal alan” operettasından rəqsi qonaqların marağına səbəb olub.
Çexiyanın paytaxtı Praqada keçirilən “Novruz təranələri” adlı bayram tədbirində Azərbaycanın özünəməxsus Novruz adət-ənənələri nümayiş olunub, Novruz atributları ilə xonçalar bəzədilib, iştirakçılara təqdim edilib. Tədbir “Land of Fire” cəmiyyəti və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi, Çexiyadakı Azərbaycan icmasının üzvü Gülnarə Əlizadənin təşkilatçılığı ilə baş tutub.
Praqada Novruz bayramı ilə bağlı daha bir tədbir Azərbaycan Mədəniyyət Evində təşkil edilən xüsusi dərs olub. Dərsdə uşaqlara qədim tariximizin və mədəniyyətimizin ən mühüm elementlərindən olan Novruz bayramı, əcdadlarımızın mirası barədə məlumat verilib. Həmçinin, kukla-brelokların hazırlanması üzrə ustad dərsi keçirilib. Təcrübəli rəssam-kuklaçı Vəfa Aşumovanın müəllimliyi ilə uşaqlar maraqlı kuklalar hazırlayıblar.
Estoniyada fəaliyyət göstərən “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzində Novruz bayramı münasibətilə rəsm sərgisi açılıb və xalçaçılıq üzrə ustad dərsi keçirilib. Sərgidə Novruz bayramına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib. Mərkəzin rəhbəri, rəssam Rövşən Nur iştirakçılara xalçaçılıq sənətinin incəlikləri və Novruz bayramının ənənələri haqqında ətraflı məlumat verib.
Finlandiyanın paytaxtı Helsinkidəki Azərbaycan Evində Novruzun milli və mənəvi dəyərlərimizdəki önəmi vurğulanıb, bu gözəl bayramın və əvəzsiz ənənələrin gələcək nəsillərə ötürülməsinin vacibliyi diqqətə çatdırılıb.
İsveçin paytaxtı Stokholmdakı soydaşlarımız da Novruz bayramını qeyd etmək üçün bir yerə toplanıblar. Bayram tədbiri SAF İsveç-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. SAF-ın sədri Sevda Dadaşova Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fonduna və Beynəlxalq Media Qrupuna göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. Azərbaycan və Özbəkistanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, müğənni Ramazan Şərifzadə, Günel Həmidli və Stokholmda yaşayan azərbaycanlı ifaçılar öz çıxışları ilə tədbirə rəng qatıblar.
Litvada fəaliyyət göstərən Klaypeda həftəsonu Azərbaycan məktəbində Novruz bayramına həsr olunmuş dərsdə şagirdlərə bayramın tarixi və ənənələri haqqında geniş məlumat verilib. Uşaqlar bu bayramın rəmzlərini daha dərindən öyrənib, səməni maketi hazırlayıb, həmçinin baharın gəlişini və təbiətin oyanışını əks etdirən rəsmlər çəkiblər.
Novruz bayramı ilə bağlı digər bir dərs Norveçin paytaxtı Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına Azərbaycan dili həftəsonu məktəbində baş tutub. Burada məktəbin şagirdlərinə Novruz bayramı haqqında məlumat verilib, adət-ənənələr izah olunub. Uşaqlar Novruza aid şeirlər söyləyib, Kosa və Keçəl obrazlarını canlandırıblar.
Sonda qeyd edək ki, dünya azərbaycanlılarının hər il milli bayramlarımızı keçirməsi, ölkəmizin milli mədəni dəyərlərini yaşadıqları cəmiyyətlərdə geniş təbliğ etməsi Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və soydaşlarımızın birliyinin nümayişi baxımından olduqca əhəmiyyətlidir.
Foto qalereya
Digər xəbərlər