Ankarada Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edilib

5 fevral, 2024

Ankarada Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi qeyd edilib

Ankara şəhərində yerləşən “Azaflı Plaza”nın konfrans zalında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr olunmuş tədbir keçirilib.

“Azaflı” Sosial Yardım və Kültür Dərnəyi ilə Türk Dünyası Kültür Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə Ankaradakı bir sıra bələdiyyələrin rəhbərləri, üzvləri, siyasi partiyaların təmsilçiləri və soydaşlarımız iştirak ediblər.

Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə M.Ə.Rəsulzadənin və digər Cümhuriyyət qurucularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə dərnəyin sədri Arzuman Azaflı və Türkiyədə yaşayan jurnalist Könül Şamilqızı çıxış edərək, 19 yaşında ilk ictimai-siyasi təşkilatı yaradan M.Ə.Rəsulzadənin həyat və fəaliyyətindən danışıblar. Cümhuriyyət qurucusunun Azərbaycanın müstəqillik və ictimai fikir tarixində, Azərbaycanla Türkiyə arasında münasibətlərin inkişafında silinməz iz buraxdığını bildiriblər.

Tədbir qonaqlara təşəkkürnamələrin təqdim olunması və xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər