ABŞ və Kanada azərbaycanlıları: şəhidlərin xatirəsi sülh və həmrəyliyə çağırış mesajı verir
30 sentyabr, 2026
ABŞ-də fəaliyyət göstərən Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi, Azərbaycan Dostluq Təşkilatı, Amerikada Azərbaycanlı Hüquq Tələbələri və Məzunları Şəbəkəsi, Azərbaycan - Amerika Gənclər Federasiyası, Nyu Yorkdakı Azərbaycan-Amerika Mədəniyyət Mərkəzi, ABŞ-Azərbaycan İnteqrasiya Mərkəzi, eləcə də Kanadada fəaliyyət göstərən "Az Media Group" 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb.
Bəyanatlarda Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən hərbçilərin və mülki şəxslərin əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd olunub ki, Ermənistan–Azərbaycan münaqişəsi uzun illər ərzində yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin düşməsinə və ciddi humanitar fəsadların yaşanmasına gətirib çıxarıb. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin mülki əhalisinin və yaşayış məntəqələrinin qəsdən raket və ağır artilleriya atəşinə tutulması nəticəsində baş vermiş faciənin ağır nəticələri diqqətə çatdırılıb. Eyni zamanda, işğaldan azad edilən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığın azərbaycanlı hərbi əsirlərin işgəncələrə məruz qalaraq qətlə yetirilməsini təsdiqləyən mühüm faktlardan biri olduğu vurğulanıb.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini bərpa edib və uzun illər davam edən işğala son qoyub.
Bununla yanaşı, Kanadada fəaliyyət göstərən "Azerbaijan Post" qəzetində də Anım Gününə həsr olunan məqalədə Ordumuzun rəşadəti ilə qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin edilməsinin region xalqları üçün mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd edək ki, bu təşəbbüslər şəhidlərimizin əziz xatirəsinin yaşadılmasına, tarixi yaddaşın qorunmasına və sülh, ədalət, qarşılıqlı anlaşmanın təşviqinə mühüm töhfə verir.
Foto qalereya
Digər xəbərlər
