ABŞ-nin Konqres Kitabxanasına Azərbaycan haqqında nəşrlər hədiyyə edilib
31 avqust, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və Azərbaycan-Amerika Təşkilatları Alyansının üzvləri ABŞ-nin paytaxtı Vaşinqtonda yerləşən Konqres Kitabxanasını ziyarət ediblər. Ziyarət Alyansın təşəbbüsü və komitənin dəstəyilə baş tutub.
Kitabxananın Yaxın Şərq bölməsinin müdiri və Türk Bölgəsi üzrə mütəxəssis Coan Uiks qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti və zəngin kolleksiyası barədə məlumat verib. O, 1800-cü ildə yaradılan Konqres Kitabxanasında milyonlarla kitab, əlyazma, xəritə, fotoşəkil, qəzet, film, səs yazısı, musiqi əsəri və digər qiymətli materialların qorunduğunu bildirib. Qeyd edib ki, kitabxananın elektron kataloqu və rəqəmsal arxivi Azərbaycanın tarixi, ədəbiyyatı, dili, Qarabağ və Şuşa, eləcə də musiqi irsi ilə bağlı zəngin məlumat bazasına çıxış imkanları yaradır.
Qonaqlar Azərbaycanla bağlı qədim və müasir nəşrlərlə də tanış olub. Onların sırasında Mirzə Ələkbər Sabirin “Hophopnamə” əsəri, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli və digər Azərbaycan ədiblərinin yaradıcılığı haqqında nəşrlər, eləcə də ölkə tarixinin müxtəlif dövrlərini əks etdirən kitablar yer alıb.
Ziyarət çərçivəsində qonaqlara bir sıra nadir eksponatlar, o cümlədən ABŞ Konstitusiyasının ilk əlyazması nümayiş olunub.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova isə Azərbaycan mədəni irsini, tarixini əks etdirən 20-dən çox nəşri kitabxanaya hədiyyə edib. Bunlara Qarabağ və Şuşaya həsr olunan “Şuşanın irsi”, “İşğaldan əvvəl və sonra Qarabağ”, “Qarabağnamə”, “Qədim və gözəl Qarabağ”, “Zəfər salnaməsi” kitabları, həmçinin Xocalı faciəsindən bəhs edən “Xocalı” nəşri, eyni zamanda “Azərbaycan musiqisinin inciləri”, “Heydər Əliyevin sevimli musiqi inciləri”, Emin Sabitoğlunun “Simfoniya”, Süleyman Ələsgərovun “Bayatı-Şiraz” və Fikrət Əmirovun “Saçlı” əsərləri daxildir. Coan Uiks bu nəşrlərin kitabxananın Azərbaycanla bağlı kolleksiyasını daha da zənginləşdirəcəyini qeyd edərək, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.
Foto qalereya
Digər xəbərlər
