ABŞ-də Azərbaycan muğamı konserti keçirilib

16 sentyabr, 2026

ABŞ-də Azərbaycan muğamı konserti keçirilib

ABŞ-nin Nyu York ştatında yerləşən “Camphill Village Copake” icmasının Fountain Hall auditoriyasında Azərbaycan muğamına həsr olunan “Azerbaijani Mugham Music” adlı konsert proqramı keçirilib.

Konsertdə “Camphill Village” sakinləri, Amerika- Azərbaycan Təşkilatları Alyansının üzvləri, Azərbaycan diasporunun fəalları iştirak ediblər. Musiqi gecəsi “Humayun” QHT-nin Azərbaycanda həyata keçirdiyi sosial inklüziv xidmət və layihələrə dəstək məqsədilə təşkil olunub.

Proqramda amerikalı musiqiçilər Cefri Verbok və onun 14 yaşlı oğlu Cozef Verbok tar, kamança və qavalın müşayiəti ilə Azərbaycan muğamının müxtəlif nümunələrini ifa ediblər. Musiqi nömrələri Azərbaycan xalçaları və Şuşa qalasının görüntüləri ilə müşayiət olunub. Azərbaycan muğamının təbliği və öyrədilməsi istiqamətində fəaliyyət göstərən Cefri Verbok tamaşaçılarla ünsiyyət quraraq onların suallarını cavablandırıb. Xüsusi qayğıya ehtiyacı olan şəxslərin proqramda fəal iştirakı diqqət çəkib.

Qeyd edək ki, Camphill icmasında musiqi xüsusi qayğıya ehtiyacı olan insanların sosiallaşmasında mühüm vasitələrdən biridir. “Humayun” QHT ilə Camphill Village Copake arasında əməkdaşlıq çərçivəsində Azərbaycandan olan tələbələr üçün könüllülük və praktiki təcrübə imkanları yaradılıb. Bu imkanlar gənclərin xüsusi qayğıya ehtiyacı olan insanlarla işləmək sahəsində təcrübə qazanmasına şərait yaradır.

Konsert Azərbaycan muğamının ABŞ-də tanıdılmasına, mədəni əlaqələrin genişlənməsinə və müxtəlif icmalar arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər