Zalsburqda Azərbaycanın mina probleminə həsr olunan fotosərgi açılıb
22 oktyabr, 2026
Azərbaycanın mina probleminin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində növbəti fotosərgi Avstriyanın Zalsburq şəhərində təşkil olunub. Sərgi Avstriya Azərbaycanlıları Cəmiyyətinin və Zalsburq Azərbaycan Evinin dəstəyi ilə açılıb.
Fotosərginin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina təhlükəsi, müharibənin humanitar nəticələri və mülki əhalinin təhlükəsizliyi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırmaq olub. Sərgidə Ermənistanın işğal dövründə Azərbaycan ərazilərini kütləvi şəkildə minalaması, Vətən müharibəsindən sonra isə yüzlərlə soydaşımızın mina partlayışları nəticəsində həlak olması və ya müxtəlif dərəcəli xəsarətlər alması barədə məlumatlar nümayiş etdirilib. Həmçinin keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışına və işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə mane olan amillərə diqqət yönəldilib.
Qeyd edək ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin Azərbaycan diaspor təşkilatları ilə əməkdaşlığı çərçivəsində “Minasız dünya” kampaniyası üzrə fotosərgilər Avropanın müxtəlif ölkələrində, o cümlədən Almaniya, Çexiya, Niderland, Fransa, İsveçrə, Sloveniya, Bosniya və Herseqovina, Xorvatiya və İtaliyada təşkil olunub. Kampaniya çərçivəsində keçirilən fotosərgilər, eləcə də onların təşkilində Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının iştirakı erməni mətbuatında da işıqlandırılıb.
Foto qalereya
Digər xəbərlər
