Budapeştdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

22 oktyabr, 2026

Budapeştdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub

Macarıstanın Korvinus Universitetində Azərbaycan Respublikasının 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbir universitetdə fəaliyyət göstərən AZE.CORVINUS Azərbaycan Tələbə Təşkilatının rəhbəri Ramal Hüseynovun təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Esmira Cəfərova, Korvinus Universitetinin rektoru, professor Bruno van Pottelsberghe, eləcə də universitetdə təhsil alan azərbaycanlı və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Müzakirələr zamanı Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyətinə, milli suverenliyin qorunması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub.

Səfir çıxışında 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin ölkənin tarixində mühüm mərhələ olduğunu söyləyib. O, müstəqilliyin qorunmasının, milli dəyərlərin yaşadılmasının və Azərbaycanın dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə iştirak edən tələbələrin Azərbaycanın tarixi, dövlət müstəqilliyi və ölkənin beynəlxalq əlaqələri ilə bağlı sualları cavablandırılıb. Onlar ölkəmizin tarixi və müasir inkişafı ilə bağlı geniş bilgilər əldə ediblər.

Tədbirdə, həmçinin xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin milli kimliyin və mədəni irsin təbliğində rolu, eləcə də Azərbaycan ilə Macarıstan arasında akademik, mədəni və humanitar əlaqələrin inkişafı üçün tələbə təşəbbüslərinin əhəmiyyəti diqqət mərkəzində olub.

Tədbir Azərbaycan tarixi ilə bağlı məlumatların daha geniş auditoriyaya çatdırılması və mədəniyyətlərarası dialoqun təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər