“Xocalı soyqırımı: bəşəriyyətin vicdanının qara səhifəsi”

3 mart, 2026

“Xocalı soyqırımı: bəşəriyyətin vicdanının qara səhifəsi”

Türkiyənin paytaxtı Ankara şəhərində “Xocalı soyqırımı: bəşəriyyətin vicdanının qara səhifəsi” adlı anım tədbiri və panel müzakirələri keçirilib.

Tədbir Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF), Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin, Türk Dünyası Mədəniyyət Mərkəzinin və Ankara-Bakı Tanıtma və Həmrəylik  Dərnəyinin birgə əməkdaşlığı ilə baş tutub.

Əvvəlcə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, Azərbaycan və Türkiyə şəhidlərinin, eləcə də Xocalıda qətlə yetirilən 613 soydaşımızın əziz xatirəsi ehtiramla yad edilib. Sonra Xocalı soyqırımı haqqında sənədli filmi nümayiş olunub.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev ermənilərin bir əsr əvvəl Anadoluda törətdikləri qanlı cinayətləri Xocalı da daxil olmaqla Azərbaycanın müxtəlif bölgələrində təkrarladıqlarını xatırladıb. Bu cinayətlərin əsas məqsədinin etnik təmizləmə olduğunu, beynəlxalq ictimaiyyətin dinc əhalinin qətlə yetirilməsinə laqeyd yanaşdığını diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinin qətiyyətli rəhbərliyi ilə Şanlı Ordumuzun şücaəti sayəsində tarixi ədalətin bərpa edildiyini vurğulayıb.

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin, Türk Dünyası Mədəniyyət Mərkəzinin rəhbəri Arzuman Azaflı, Ankara-Bakı Tanıtma və Həmrəylik  Dərnəyinin sədri Settar Kaya və Xocalı soyqırımının tarixi, hüquqi və insani aspektlərindən bəhs edib, bu faciənin beynəlxalq ictimaiyyət tərəfindən tanınmasının vacibliyini diqqətə çatdırıblar.

Çıxışlardan sonra tədbir panel müzakirələri ilə davam edib. Ankara Universitetinin professoru Cavid Abdullahzadə və Karabük Universitetinin professoru Əli Əsgər Xocalı soyqırımının tarixi, siyasi və hüquqi aspektlərini təhlil ediblər.

Tədbir tanınmış balaban ifaçısı, Xalq artisti Əlixan Səmədovun ifası ilə başa çatıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər