Xarici jurnalistlər Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər
30 noyabr, 2022İsraildəki Azərbaycan diasporunun dəstəyi ilə xarici ölkələrdəki ispandilli kütləvi informasiya vasitələrində fəaliyyət göstərən bir qrup jurnalist Azərbaycana səfər edib.
Səfər çərçivəsində xarici jurnalistlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gənclər və idman naziri Fərid Qayıbov, xarici işlər nazirinin müavini Fariz Rzayev, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ilə görüşüblər. Qonaqlara Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, Qarabağ həqiqətləri, Ermənistanın 30 illik işğal dövründə törətdiyi cinayətlər, dini-mədəni abidələri məhv etməsi, 44 günlük Vətən müharibəsi dövründə cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə raket hücumları barədə ətraflı məlumat verilib.
Xarici jurnalistlər bu gün işğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarına səfər ediblər. İki rayonun ərazisində Ermənistanın vəhşicəsinə törətdiyi dağıntıların və vandallıq aktlarının şahidi olan jurnalistlər foto və video çəkilişlər aparıb, Xudafərin körpüsündə və Zəngilanın Ağalı kəndində olublar. Onlara post-müharibə dövründə minaların təmizlənməsi, aparılan irimiqyaslı bərpa və yenidənqurma işləri, “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürüldüyü barədə müfəssəl məlumat verilib.
Qeyd edək ki, qrupun tərkibinə “El Español” onlayn jurnalının, “La Vanguardia” (Barselona) və “La Razón” (Madrid) qəzetlərinin, “SIC”, “Mediaset España”, “La Vanguardia”, “Haaretz” media qurumlarının, “The Jerusalem Post Magazine” və “The Berlin Quarterly” jurnallarının əməkdaşları daxil olub.
Digər xəbərlər